Martın 13-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XII Qlobal Bakı Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi olub.
Tədbirdə əvvəlcə Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun videomüraciəti yayımlanıb. O, forumun əhəmiyyətini vurğulayıb və qlobal çağırışlardan bəhs edib.
Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel və BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan Qlobal Bakı Forumunun qlobal çağırışların müzakirəsində oynadığı mühüm rolu qeyd ediblər. Onlar “Biz hara gedirik?” mövzusunda fikir mübadiləsi apararaq, müasir dünyanın qarşısında duran əsas məsələlərə dair mülahizələrini bölüşüblər.
Sonra “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın 2025-ci il üzrə laureatının adı açıqlanıb.
Beynəlxalq mükafata bu il UNESCO-nun xoşməramlı səfiri Fan Thi Kim Fuc (Vyetnam) layiq görülüb.
Mükafatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti (1999-2007) Vayra Vike-Frayberqa və Finlandiyanın sabiq prezidenti (2000-2012) Tarya Kaarina Halonen təqdim ediblər.
Mükafatçı təltifdən fəxr və qürur hissi keçirdiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gördüyü nəcib işlərə hər zaman dəstək göstərəcəyini vurğulayıb.
Xatırladaq ki, Fan Thi Kim Fuc (Phan Thị Kim Phúc) Vyetnam müharibəsi zamanı, 1972-ci ilin 8 iyununda Teynin əyalətində ABŞ hərbi təyyarələrinin törətdiyi dəhşətli bombardmanda sağ qalan sakinlərdən biridir. Həmin vaxt 9 yaşlı qızın bədəni yanmış halda çəkilən fotoşəkilləri dünya mətbuatında yayılaraq böyük rezonans doğurmuşdu.
Uzun illər dəfələrlə əməliyyat keçirəndən sonra səhhətini qismən bərpa edən Kim Fuc Vyentamda və dünyada müharibə əleyhinə mübarizənin simvolu kimi məşhurlaşıb. 90-cı illərdə Kubaya ali təhsil almağa gedib, oradan kubalı həyat yoldaşı ilə Kanadaya mühacirət edib. İctimai xadim kimi fəaliyyət göstərir. 1994-cü ildə “Uşaqlar, yetimlər və günahsız müharibə qurbanlarının qorunması və təhsil” istiqaməti üzrə UNESCO-nun xoşməramlı səfiri seçilib.
Qeyd edək ki, “Nizami Gəncəvi Beynəlxalq mükafatı” 2012-ci ildə təsis edilib. Mükafat dahi Azərbaycan şairinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri öz fəaliyyətində cəmləşdirən görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunur.
V. Orxan