İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Parisdə, UNESCO-nun qərargahında Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı, Misir, İtaliya, Yaponiya, Qazaxıstan, Mərakeş, Oman, Qətər, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistanın bu təşkilat yanında nümayəndəliklərinin əməkdaşları ilə ikitərəfli görüşlər təşkil edib.

ICESCO-un mətbuat üçün açıqlamasında bildirilir ki, Azərbaycanın UNESCO-dakı nümayəndə heyəti ilə görüşdə mədəni irs abidələrinin qorunması, bu sahədə müştərək layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Məlumatda qeyd olunur ki, bu görüşlər ICESCO-nun 53 üzv dövlətində dünya irs obyektlərinin narahatedici vəziyyətinə yeni vizyonu təqdim etmək məqsədi daşıyıb. 2024-cü ilin may ayında yoxolma təhlükəsi ilə üzləşən obyektlər siyahısına daxil edilmiş dünya irs obyektləri ilə bağlı geniş araşdırma aparılıb və onun nəticələri təcili hərəkətə keçmək üçün əsas olub.

Bu təşəbbüsləri irəli sürmək üçün ICESCO üzv dövlətləri və qlobal tərəfdaşları fəal iştiraka çağırır. UNESCO-da keçirilən görüşlərdə ICESCO-nun mədəniyyət və irs sahəsində prioritetləri və fəaliyyətləri barədə məlumatlar diqqətə çatdırılıb.  Qeyd olunur ki, bu təşəbbüs Dünya İrs Komitəsinin 47-ci sessiyası və qarşıdan gələn əsas tədbirlər kontekstində iki  təşkilat arasında tərəfdaşlığı gücləndirməyə yönəlib.