... Təhlükəsizlik Şurası, regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, hərbi əməliyyatların dərhal dayandırılmasını, bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir...
32 il öncə, 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı qəbul etdiyi 822 saylı qətnamədə belə deyilirdi.
Bu, BMT-nin ali orqanının münaqişəyə dair ilk qətnaməsi idi.
O zaman Birləşmiş Millətlərin və ümumilikdə beynəlxalq təşkilatların haqq-ədalətdən, dünyada hamılıqla qəbul edilmiş norma və prinsiplərdən yana olduğunu düşünən bizlər həmin qətnaməni necə ümidlə qarşılamışdıq. Hərçənd elə qətnamənin preambulasında “yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna hücumu”ndan söz edilməsi bu ümidin suya düşməsi üçün kifayət idi.
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edən” BMT TŞ, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hərbi təcavüzü təcavüzkarın – Ermənistanın adına yazmaqdan çəkinmişdi.
Üstündən üç ay ötdü, Təhlükəsizlik Şurası münaqişəyə dair bir qətnamə də qəbul etdi, sonra daha birini, daha sonra yenə birini... Amma hamısında bu əyri xətt – Ermənistanı təcavüzkar kimi ayağa verməmək xətti özünü göstərirdi...
Sonra illər keçdi, icrası gerçəkləşməyən qətnamələr kağız olaraq qaldı, daha sonra elektron formata köçürülərək BMT-nin arxivinə verildi. Bu gün də oradadır, elektron arxivdə...
Həmin arxivdə qalan və içində adımız (Azərbaycan) keçən təkcə bu qətnamələr deyil. Hələ BMT-nin kandarına ayaq basmadığımız günlərin də bizə dair sənədləri orada saxlanılır...
***
14 fevral 1992-ci il. Yerli (Nyu-York) vaxtla saat 16:25. BMT TŞ-nin 3052-ci iclası başlanır. Təşkilatın elektron arxivində saxlanılan stenoqramda vaxt dəqiqliyi ilə qeydə alınıb.
Təhlükəsizlik Şurasının 15 üzvünün (5 daimi, 10 qeyri-daimi) iştirak etdiyi iclasa ABŞ təmsilçisi Tomas Pikerinq sədrlik edir. Sədr “BMT-yə yeni üzvlərin qəbulu üzrə Komitə”nin Azərbaycanla bağlı məruzəsinin daxil olduğunu bildirir. Komitənin təqdim etdiyi qətnamə layihəsinə heç bir irad yoxdur.
742 saylı qətnamə səsverməyə qoyulmadan qəbul edilir.
T.Pikerinq TŞ-nin tövsiyə qərarının BMT Baş Assambleyasının sessiyasına çıxarılmaq üçün BMT Baş katibinə təqdim olunacağını deyir və qısa bəyanatla çıxış edir: “Təhlükəsizlik Şurası indicə Azərbaycan Respublikasını BMT üzvlüyünə qəbul etməyi Baş Assambleyaya tövsiyə etdi. Mən böyük məmnuniyyətlə TŞ üzvləri adından Azərbaycan Respublikasını bu sevincli və tarixi hadisə münasibətilə təbrik edirəm. TŞ üzvləri səbirsizliklə Azərbaycanın BMT üzvü kimi bizim sıralarımıza qoşulacağı günü gözləyir”.
Saat 16:30. İclas başa çatır...
...2 mart 1992-ci il. Baş Assambleyanın 46-cı sessiyasının 82-ci iclasının gündəliyində olan məsələ BMT-yə yeni üzvlərin – keçmiş sovet respublikalarının qəbulu barədədir.
Yenə qısa sürən prosedur və 46/230 saylı qərar oxunur: “Baş Assambleya BMT TŞ-nin 14 fevral 1992-ci il tarixli tövsiyəsini, Azərbaycan Respublikasının ərizəsini nəzərdən keçirib, qərara alır: Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul olunsun”.
***
Azərbaycanın beynəlxalq birliyə inteqrasiya yolu belə başlamışdı. İlk baxışda asan proses, rəvan yolçuluq kimi görünür. Amma ilk baxışda görünən zatən üzdə olandır.
Arxada qalan illər beynəlxalq münasibətlərin “anatomiya”sını öyrənmək və 1945-ci ildən BMT-nin Nizamnaməsində yazılan bir çox müddəaların kağız üzərindən gerçəkliyə necə transformasiya edildiyinə əmin olmaq üçün bizə bir tarix dərsi olub...
1992-ci ildə bizimlə birgə BMT üzvlərinin sayı 179-a çatmışdı. Bu gün Nyu-Yorkda, İst-River sahilindəki BMT binasının önündə 193 ölkənin bayraqları dalğalanır.
Elə ölkələr də var ki, uzun illər BMT üzvlüyünə heç ehtiyac duymayıb. Məsələn, Avropanın rifahlı və uzun dövlətçilik tarixinə malik ölkəsi İsveçrə yalnız 2002-ci ildə keçirilmiş referendumdan sonra əhalisinin yarıdan çoxunun istəyi ilə Birləşmiş Millətlərin sırasına qoşulub.
Azərbaycan kimi yeni müstəqillik qazanmış ölkələr üçün isə BMT üzvlüyü bu müstəqilliyin təsdiq olunmasında müstəsna şərtlərdən biri idi. Amma tarixin yazısı elə oldu ki, ölkəmiz Birləşmiş Millətlərin sırasına qatılanda, bayrağımız BMT binası önündə dalğalanmağa başlayanda bu hadisəyə sevinə bilmədik. Çünki bu xəbəri Xocalı faciəsinin acısı içində eşitmişdik. 1992-ci il martın 2-si Azərbaycanda Xocalı qətliamı ilə bağlı elan edilmiş üçgünlük rəsmi matəmdən çıxmışdıq...
***
Əslində, dünya birliyinin Azərbaycanı sıralarına qəbul edənədək artıq dörd il idi alovlanan Dağlıq Qarabağ münaqişəsi sayəsində bizdən və yerləşdiyimiz regiondan xəbəri vardı. Nə dərəcədə xəbərdar idi – bu, ayrı məsələ. Hər halda bizi Birləşmiş Millətlərin sırasına çağıran 742 saylı qətnamədən (1992) bir il sonra BMT TŞ-nin dörd dəfə bu münaqişə ilə bağlı toplaşaraq qəbul etdiyi qətnamələrin (822, 853, 874, 884) illərlə arxivdə qalması beynəlxalq birliyin mahiyyətindəki “standartlar”ın göstəricisi idi.
BMT kimi həddən ziyadə polifonik siyasi ortamda öz səsini eşitdirmək, üstəlik, dünyaya yön verən böyük güclərin sənə qulaq asmasına nail olmaq asan deyil. Ölkə olaraq yerləşdiyimiz coğrafiya həmin güclərin geosiyasi çarpışma dairəsindədirsə, bu lap müşkül məsələdir. Məhz buna görə Azərbaycan rəhbərliyinin ötən illər ərzində həm beynəlxalq, həm də regional müstəvidə həyata keçirdiyi kurs balanslaşdırılmış diplomatiya olub. Məhz bu çoxvektorlu, tarazlı diplomatiya sayəsində Azərbaycan Respublikası 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv (2012-2013-cü illər) seçilmişdi...
Bu gün BMT 1945-ci ildə təməli qoyulanda bəyan edilən niyyətdən çox fərqli qurumdur. Burada kimin sözünün və səsinin necə keçdiyi, 15 yerlik Təhlükəsizlik Şurasının 5 böyüyün (daimi üzvlər) ambisiyalarına meydan olduğu da göz qabağındadır...
***
1992-ci ildə Azərbaycan üçün BMT-yə üzv olmaq, ilk növbədə, ən böyük dərdini, Ermənistan tərəfindən məruz qaldığı hərbi təcavüzü dünyanın diqqətinə çatdırmaq baxımından önəmli idi.
İllərlə BMT-yə və bütövlükdə beynəlxalq təsisatlarla münasibətlərimizə həmin prizmadan – Qarabağ pəncərəsindən baxdıq.
Sonda beynəlxalq hüquq və ədalətə bəslədiyimiz ümidlərin xeyli dərəcədə illüziya olduğunu, BMT də daxil olmaqla, beynəlxalq qurumlarda (geo)siyasi proseslərin böyük mənafelərin fonunda cərəyan etdiyini gördük...
Nəhayət, 2020-ci ilin 27 sentyabrında bu gerçəyə öz möhürümüzü vurmaq qərarına gəldik. 44 gününün içində, 30 illik işğala son qoymaqla bərabər, 27 il BMT TŞ-nin arxivində qalan dörd qətnaməni də icra etdik...
Artıq o qətnamələr bizim üçün faktiki önəmini itirib. Olsa-olsa, BMT arxivinə müraciət edən tarixçilərin işinə yarayar...
Vüqar Əliyev