Erməni silahlı dəstələrinin 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törətdiyi soyqırımı insanlıq əleyhinə ən qəddar cinayətlərdən biridir. Düşmən qüvvələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum edilən 2500-ə yaxın Xocalı sakini yağının çoxsaylı təhdidlərinə baxmayaraq şəhəri tərk etməkdən imtina etmişdi. O məşum gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutmuşlar. Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 200-nün taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib.

Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və videomateriallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib.

Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmır, eyni zamanda həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü.

Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra atılıb. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.

Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstəriblər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində faciə ilə bağlı məlumatlılıq artırılıb, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilib, kitab və məqalələr dərc edilib. Həmin kampaniya sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıyıb və pisləyib. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunub və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldılıb.

İşğaldan azad olunmuş bütün ərazilərdə hazırda sürətli bərpa-quruculuq işləri aparılır. Azad torpaqlara Böyük Qayıdış prosesi davam edir. Artıq Xocalı şəhərinə və rayonun Ballıca kəndinə bir qrup keçmiş məcburi köçkünün qayıdışı təmin olunub.

Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamı ilə Xocalı şəhərində yaradılacaq Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinə yüksək ehtiramın ifadəsi olmaqla yanaşı, bu qanlı cinayətin gələcəkdə də unudulmaması üçün qiymətli yaddaş kitabəsi olacaq.