Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə C.Naxçıvanski adına Hərbi liseyin kursantları, məktəblilər, muzey əməkdaşları iştirak ediblər.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək nümayiş olunan "Xocalı yaddaşımız" adlı fotosərgi barədə məlumat verib. Onun sözlərinə görə, sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) fotoarxivinə məxsus 36 şəkil nümayiş olunub. Fotoların müəllifləri Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, Xalid Əsgərov, İlqar Cəfərov və Oleq Litvindir.
Şöbənin baş mütəxəssisi Aynur Babayeva deyib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biridir. 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qətliamın məqsədi xalqımızı doğma torpaqlarından qovmaq və işğal siyasətini davam etdirmək idi.
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Zərəngiz Dəmirçi faciə dəhşətlərinin unudulmamasının və gənclərin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini vurğulayıb. Deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər Azərbaycan xalqının qürur və birlik rəmzinə çevrilərək dövlətimizin gücünü və müstəqilliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri Mirnaib Həsənoğlu Xocalı faciəsində şahid olduğu dəhşətlərdən söhbət açıb.
Bədii hissədə "Günay" Uşaq Teatrı tərəfindən Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Unutmadıq, Xocalı” tamaşası nümayiş olunub. Səhnə əsərinin rejissoru Larisa Tarusovadır.