AMEA Folklor İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalıda o gecə...” adlı anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Folklor studiyasının hazırladığı “Xocalıda o gecə...” sənədli filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə, insanlığa, bəşəriyyətə, insani dəyərlərə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü Ordumuzun rəşadəti sayəsində tarixi ədalət bərqərar olub, Xocalı da, Qarabağ da, Şərqi Zəngəzur da əsl sahiblərinə qayıdıb.

Tədbirdə qonaq qismində iştirak edən Xocalı sakinləri Nazim Hüseynov və Eldəniz Ağayev soyqırımı dəhşətinin birbaşa şahidləri kimi erməni vəhşiliyi və vandalizmi haqqında danışıblar. Qeyd edilib ki, həmin gecə Xocalıda baş verənləri unutmaq, yaddaşdan silmək qeyri-mümkün olsa da, bu gün azad Xocalını görmək, o torpaqlara ayaq basmaq olduqca böyük qürur və sevinc bəxş edir.    

Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, Folklor İnstitutu YAP Ərazi Partiya Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru dosent İlhamə Qəsəbova, Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadlı, Folklor studiyasının rəhbəri Mahir Ordubadi çıxış edərək Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu və bu cinayətə dünya səviyyəsində hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.