​Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü və 18 sentyabr – Milli Musiqi Günündə başlanan, dahi bəstəkarın adını daşıyan Beynəlxalq Musiqi Festivalının zəngin proqramı var. Bu il festivalın qonaqları arasında türkdilli ölkələrin görkəmli musiqi xadimlər də yer alıblar.

18-ci Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü və UNESCO-nun "Sülh artisti" Firəngiz Əlizadə haqqında sənədli televiziya filmi nümayiş olunub.

Bu barədə Bəstəkarlar İttifaqından məlumat verilib.

​Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, nazir müavini Murad Hüseynov, mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təqdimata festivalın qonaqları – Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistandan tanınmış incəsənət xadimləri, bəstəkarlar və musiqişünaslar da qatılıblar.

​Firəngiz Əlizadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə şərəflənən musiqi bayramında belə bir təqdimatın keçirilməsinin onun xüsusilə əlamətdar olduğunu vurğulayan Firəngiz Əlizadə  sənədli filmin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını ifadə edib.

​Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, Ü.Hacıbəylı adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti ​Fərhad Bədəlbəyli,  A.Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının baş direktoru Muratbek Beqaliyev , Özbəkistan Bəstəkarlar İttifaqının sədri ​Rustam Abdullayev çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan və Türk dünyası musiqi irsindəki əvəzsiz rolundan söhbət açıblar.

Çıxışçılar Azərbaycan musiqisinin zəngin ənənələrini vurğulayaraq, Firəngiz Əlizadənin müasir Azərbaycan musiqi sənətini dünya miqyasında layiqincə təmsil etməsini yüksək qiymətləndiriblər.

Sonra "Bəstəkar Firəngiz Əlizadə" sənədli televiziya filmi nümayiş olunub. Film bəstəkarın zəngin yaradıcılıq yoluna, dünya musiqi xəzinəsinə bəxş etdiyi dəyərli əsərlərə və ictimai-mədəni fəaliyyətinə işıq tutur.

​​Filmin ərsəyə gəlməsində Firəngiz Əlizadənin şəxsi arxivindən, eləcə də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) arxiv materiallarından istifadə olunub.

​Ekran əsəri festival iştirakçıları və mədəniyyət xadimləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.