Xəbər verdiyimiz kimi, 13–15 sentyabr tarixlərində İsveçrənin Montrö şəhərində “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində Azərbaycan Mədəniyyəti Günləri təşkil edilib.
“Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirb.
Sentyabrın 14-də “Auditorium Stravinski”də keçirilən qala-konsertdən sonra Azərbaycan caz axşamı olub.
Konsertdə tanınmış caz pianoçusu və bəstəkar İsfar Sarabski öz triosu – kontrabas ifaçısı Makar Novikov və zərb alətləri ifaçısı Amir Bresler ilə çıxış edib.
Proqramda İsfar Sarabskinin “Horses of Garabagh”, “Around the Thread”, “BTS (Behind Train Station) Blues”, “Planet” və “G-Man” əsərləri, həmçinin Klod Debüssinin “Clair de Lune” əsərinin caz aranjimanı səsləndirilib. “Horses of Garabagh” kompozisiyasında trioya tarzən Şəhriyar İmanov qoşulub.
Konsert çərçivəsində Səid Rüstəmovun “Hardasan” mahnısı Əməkdar artist Sevda Ələkbərzadənin, “Ay Laçın” Azərbaycan xalq mahnısı isə İlkin Dövlətovun ifasında təqdim olunub.
Azərbaycan musiqi ənənələri ilə müasir caz improvizasiyasını bir araya gətirən proqram ölkənin caz sənətinin özünəməxsus musiqi dilini və zəngin ifadə imkanlarını Montrö auditoriyasına nümayiş etdirib.
Beləliklə, festival çərçivəsində Azərbaycanın iştirakı milli rəqs, klassik musiqi, muğam və cazı əhatə edən çoxşaxəli proqramla başa çatıb. Təqdimatlar Azərbaycan musiqi irsinin zənginliyini və müasir ifaçılıq ənənələri ilə vəhdətini nümayiş etdirib.

























