Bu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası – COP31-ə hazırlıq çərçivəsində Trabzonda beynəlxalq tədbir təşkil olundu.

Türkiyə Cümhuriyyəti Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin (İletişim Başkanlığı) təşkilatçılığı ilə sentyabrın 10-dan 12-dək davam edən proqrama dünyanın 17 ölkəsindən 27 media nümayəndəsi qatılmışdı.

Türkiyənin ətraf mühit, səhərsalma və iqlim dəyişikliyi naziri, COP31 başqanı Murat Kurum və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "Mavi Dialoq" (Blue Dialogue) adlı tədbir çərçivəsində beynəlxalq nümayəndə heyətləri və media mənsubları ilə bir araya gəldilər.

"Dənizlərin pasportu, okeanların gömrük qapısı yoxdur"

Sessiyanın açılışında çıxış edən COP31 başqanı Murat Kurum qlobal iqlim böhranında dəniz ekosistemlərinin həyati rol oynadığını bildirərək bu fikirləri vurğuladı:

"Təbiətin sərhədləri yoxdur, dənizlərin pasportu yoxdur, okeanların gömrük qapısı yoxdur. Trabzondan dünyaya verəcəyimiz mesaj çox aydındır: dənizləri birgə qorumadan ortaq gələcəyimizi qoruya bilmərik. Yer kürəsinin 70 faizindən çoxunu əhatə edən okeanlar qlobal karbon emissiyalarının təxminən 29 faizini udur. Dənizlər iqlim fəaliyyətinin kənarında qala bilməz, onlar həll yolunun tam mərkəzindədir."

Diplomatların da qatıldığı proqramda Qara dəniz hövzəsinin ekoloji vəziyyəti, dəniz resurslarının davamlı idarə olunması və iqlim böhranına qarşı birgə addımlar müzakirə olundu. Tədbir iştirakçıları regionda ekoloji təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini xüsusi qeyd etdilər.

Tədbirdə iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Xəzər dənizinin su səviyyəsinin azalmasından danışaraq bildirdi ki, bu, artıq gələcəyə dair ehtimal deyil, bu gün müşahidə olunan acı reallıqdır. O, müzakirələrin Xəzər dənizi kimi əsas su hövzələrinin dayanıqlığının artırılmasına və regional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına böyük fayda verəcəyini qeyd etdi.

Mavi iqtisadiyyat və dəniz tullantıları problemi müzakirə olundu

Trabzon İqlim Sammiti çərçivəsində Dünya Bələdiyyələr Birliyinin (UCLG) sessiyası da keçirildi. Sessiyada yerli hakimiyyət orqanlarının iqlim mübarizəsindəki rolu qiymətləndirildi, eyni zamanda "Dəniz Tullantıları Təşəbbüsü"nün (Marine Litter Initiative) təqdimatı keçirildi.

Davamlı mavi iqtisadiyyata keçid, yaşıl dəniz nəqliyyatı, okean maliyyəsinin artırılması və Qara dəniz ekosisteminin mühafizəsinə yönəlmiş praktiki addımlar diqqət mərkəzində oldu.

"Antalyanı “İcraat COP-u”na çevirmək istəyirik"

Murat Kurum 17 ölkədən olan xarici mətbuat nümayəndələrinin suallarını cavablandırarkən Türkiyənin "Sıfır Tullantı" layihəsindən və dəniz ekosisteminin qorunması addımlarından söhbət açdı.

COP31 başqanı Murat Kurum:

"Paris Sazişi (qlobal istiləşməni və iqlim dəyişikliyini azaltmaq üçün qəbul edilmiş beynəlxalq saziş; 2016-cı ildə Parisdə keçirilən COP21-də qəbul olunub – red.) dünyaya ortaq bir istiqamət çəkdi. İndi qarşımızda duran əsas sual budur: qəbul etdiyimiz qərarları nə qədər sürətlə həyata keçirə bilərik? İnsanlar konfrans zallarında deyilən sözlərin öz həyatlarına necə təsir etdiyini görmək istəyirlər. Antalyanı sözlərin layihəyə, layihələrin sərmayəyə, sərmayələrin isə insanların həyatına toxunan nəticələrə çevrildiyi bir 'İcraat COP-u' halına gətirmək istəyirik".

"COP31 1,5 dərəcə temperatur hədəfinin aşılması ehtimalına necə cavab verəcək?" sualını cavablandıran nazir dedi:

"1,5 dərəcə hədəfinin (Qlobal istiləşmənin 1,5 dərəcədə saxlanılması – red.) reallaşması asan görünmür, öncə bu həqiqəti qəbul etməliyik. Amma temperatur artımını bu hədd ətrafında saxlasaq, bu da bir uğurdur. NATO ölkələri müdafiə büdcələrini 5 faizə qaldırdı. Bəs dünya yaşanmaz hala gələrsə, müdafiə olunmağın nə mənası var? Biz yaşanması mümkün olmayan bir dünya qoyub getmək istəmirik."

Azərbaycan, Braziliya və Türkiyə arasında iqlim həmrəyliyi

Azərbaycan media mənsublarının da suallarını cavablandıran Türkiyənin ətraf mühit, səhərsalma və iqlim dəyişikliyi naziri Murat  Kurum iki ölkənin əməkdaşlığının region üçün həmrəylik nümunəsi olduğunu dedi:

"Azərbaycan COP29-da (2024) üzərinə düşən məsuliyyəti uğurla yerinə yetirdi, Braziliya COP30-da bu prosesi davam etdirdi, indi isə növbə Türkiyədədir. Əsas məqsədimiz COP başqanlıqları arasında (Azərbaycan, Braziliya, Türkiyə) yüksək əməkdaşlıq, uyğunluq və ahəng yaratmaqdır.Şübhəsiz ki, birgə əməkdaşlığımız regionumuz üçün də həmrəylik nümunəsidir. Prezidentlərimizin yüksək səviyyədə əməkdaşlığı sayəsində Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətimizi daha da gücləndiririk"

SUMAE-də Azərbaycan təcrübəsi və nərə balıqlarının çoxaldılması

Tədbirin ikinci günü Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdindəki Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutuna (SUMAE) sahə səfəri təşkil olundu.

1987-ci ildən fəaliyyət göstərən və Türkiyə balıqçılığının 80 faizini təmin edən Qara dəniz üzrə tədqiqatlar aparan bu mərkəzdə Azərbaycanın müvafiq qurumları ilə də sıx iş birliyi həyata keçirilir. Bu çərçivədə Qara dənizdə nəsli kəsilməkdə olan nərə balıqlarının (Mersin növü) çoxaldılması və kürü istehsalı üçün Azərbaycanın zəngin təcrübəsi öyrənilir. İnstitut nəzdindəki xüsusi hovuzlarda nərə balıqlarının artırılması üzrə dövlət proqramı uğurla icra olunur.

Trabzonda atılan bu addımlar dənizlərin qorunmasından iqlim maliyyəsinə qədər uzanan qlobal mübarizənin yalnız konfrans zallarında deyil, birbaşa sahədə və Xəzərdən Qara dənizə uzanan regional həmrəyliklə qazanılacağını bir daha sübut edir.

SUMAE-də nərə balıqlarının çoxaldılması üzrə aparılan birgə tədqiqatlar göstərir ki, Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığı yalnız diplomatik bəyanatlarda deyil, biomüxtəlifliyin və su resurslarının qorunmasında da real nəticələr verir.

***

Beləliklə, Bakıdakı COP29 təcrübəsindən Antalyadakı COP31 hədəflərinə doğru irəliləyən bu iqlim estafeti Türk dünyasının yaşana bilən bir dünya naminə qlobal iqlim diplomatiyasının mərkəzində dayandığını bütün dünyaya bir daha nümayiş etdirdi.

Dünyanın 17 ölkəsindən olan media nümayəndələrinin iştirakı ilə keçirilən bu mühüm beynəlxalq proqramın yüksək səviyyədə təşkili, zəngin media proqramı və göstərilən qonaqpərvərliyə görə Türkiyə Prezidenti Administrasiyasının  Kommunikasiya İdarəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm.

 

Mehparə Sultanova

Ankara