Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisi çərçivəsində növbəti mühazirə olacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyasından verilən məlumata (azgallery.az) görə, sentyabrın 18-də Muzey Mərkəzində keçiriləcək “Səttar Bəhlulzadənin yaradıcılığında şair Füzulinin obrazı” mövzusunda mühazirəni Səttar Bəhlulzadənin Ev-Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova təqdim edəcək.

Mühazirədə Səttar Bəhlulzadənin yaradıcılığında klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin obrazının bədii təcəssümü, rəssamın yaradıcılıq dünyasında Füzuli irsinin yeri və bu mövzunun sənətkarın əsərlərində ifadə xüsusiyyətləri haqqında ətraflı məlumat veriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzi sənətsevərləri, tədqiqatçıları, tələbələri və mövzu ilə maraqlanan hər kəsi mühazirəyə dəvət edir.

Tarix: 18 sentyabr

Saat: 15:00

Məkan: Muzey Mərkəzi

Ünvan: Neftçilər prospekti 49