Xəbər verdiyimiz kimi, İsveçrənin Montrö şəhərindəki ənənəvi musiqi festivalı – “Septembre Musical Montreux–Vevey” çərçivəsində Azərbaycan Mədəniyyəti Günləri təşkil edilib.

Sentyabrın 14-də Montrö şəhərinin məşhur “Auditorium Stravinski” səhnəsində Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib.

Dörd hissədən ibarət proqram Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə açılıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Fuad İbrahimovun dirijorluğu ilə dahi bəstəkarın əbədiyaşar sənət incisini böyük şövqlə ifa edib.

Sonra orkestrin ifasında Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Aqşin Əlizadənin “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Konsert valsı” və Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” səsləndirilib.

Gecədə Alim Qasımov (xanəndə) “Qaragilə”, Fəqan Ələsgərov (balaban) və Mədinə Şahgəldiyeva (kamança) isə “Sarı gəlin” Azərbaycan xalq mahnılarını ifa ediblər.

 Azərbaycan Dövlət Rəqs Ansamblı Eldar Mansurovun “Odlar yurdu” rəqsini və “Uzundərə” Azərbaycan xalq rəqsini təqdim edib.

Solistlər – Samir Cəfərov (tenor) Ü.Hacıbəylinin “Sevgili canan”, Murad Hüseynov (fortepiano) F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”, Yusif Eyvazov (tenor) F.Əmirovun “Sevil” operasından “Balaşın ariyası”, Afaq Abbasova (soprano) Niyazinin “Arzu”, Ceyla Seyidova (skripka) və Elvin Hoca Qəniyev (skripka) Niyazinin “Rast” simfonik muğamı, Elmina Həsənova (metso-soprano) F.Əmirovun “Sevil” operasından “Dilbərin  ariyası”, Əhəd Ağayev (xanəndə) “Bayatı-Şiraz” muğamı, Sevda Ələkbərzadə İ.Sarabskinin “Caz kompozisiyası” (müşayiət: İ.Sarabski – fortepiano və Ş.İmanov – tar), Elmina Həsənova və Samir Cəfərov Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin dueti, Şəhriyar İmanov H.Rzayevin “Çahargah rapsodiyası”, Yusif Eyvazov və Afaq Abbasova T.Quliyevin “Bakı haqqında mahnı” əsərlərini ifa ediblər.

Qala konsert bütün solistlərin birgə ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecə tamaşaçılara unudulmaz anlar bəxş edib.

Ansambl, orkestr və solistlərin hərarətli ifası müxtəlif ölkələrdən olan sənətsevərlərə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirib.

Konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb.