Şuşa Dövlət Musiqili Dram Teatrı (Bakı şəhərində yerləşir) sentyabrın 12-də M.Bulqakovun eyniadlı əsəri əsasında hazırlanmış "Ağıldankəm Jurden" tamaşası ilə yeni mövsümü açıb.
Tamaşadan əvvəl çıxış edən teatrın direktor vəzifəsini icra edən Əməkdar artist Azad Məmmədov ötən mövsümdə görülən işlər barədə danışıb, yeni mövsümdə nəzərdə tutulan layihələrdən bəhs edib.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, rəqslərin quruluşçusu Amil Əhmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.
Səhnə əsərində Əməkdar artist Nazir Rüstəmov, aktyorlar Xanirə İsgəndərova, Mətanət Eres, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Emin Sevdiməliyev, Sürahi Əliməmmədova, Cavid Cavadzadə, Hamlet Qənbərov, Mobil Qurbanov, Rəhimə Məmmədova, Orxan Abışov və Azər Məmmədov iştirak edirlər.
Ötən mövsümdə hazırlanan tamaşanın premyerası 15 iyulda olub.
Səhnə əsərində əsas konflikti baş qəhrəman Jurdenin özünü zadəgan kimi göstərmək arzusu ilə onun real sosial mənsubiyyəti arasındakı ziddiyyət təşkil edir. Əsil-nəcabətindən utanan və olmadığı kimi görünməyə çalışan Jurdenin əlçatmaz istəyi ətrafında gülüş doğuran hadisələr cərəyan edir. O, yalançı şöhrət arxasınca qaçaraq sağlam düşüncəsini itirir, mənsub olmaq istədiyi "elit" cəmiyyətin fırıldaqçıları tərəfindən asanlıqla aldadılır.
























