Xəbər verdiyimiz kimi, Mərakeş Krallığının Azərbaycandakı  Səfirliyinin və bu ölkənin "Joussour des Arts et de la Créativité" (“İncəsənət və Yaradıcılıq Körpüləri”) Assosiasiyasının tərəfdaşlığı ilə 10-14 sentyabr 2026-cı il tarixlərində Bakıda Mərakeş İrsi Həftəsi keçirilir.

Zəngin proqramı olan layihə Mərakeşin zəngin mədəni irsini dəb, fotoqrafiya, musiqi, qastronomiya, ənənəvi sənətkarlıq vasitəsilə tanıdır.

Mərakeşin rənglərini, səslərini, dadlarını və sənətkarlığını ehtiva edən İrs Həftəsinin  açılışına həsr olunan təntənəli mərasim sentyabrın 10-da çoxsaylı qonaqların – Azərbaycan rəsmiləri və millət vəkillərinin, mədəniyyət, media və ictimaiyyət nümayəndələrin, diplomatik korpus təmsilçilərinin iştirakı ilə keçirilib.

Tədbirdə çıxış edən Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkəsinin mədəni zənginliyi təqdim edən layihənin əhəmiyyətini vurğulayıb.

Səfir “Joussour” İncəsənət və Yaradıcılıq Assosiasiyasına və onun prezidenti Şərifə Lalla Fatim Zohraya bu layihəni həyata keçirmək istiqamətində göstərdiyi həvəs və əzmkarlığa görə təşəkkürünü bildirərək deyib: “Joussour” adı özlüyündə gözəl bir mesaj daşıyır. Bu söz ərəb dilində “körpülər” mənasını verir. Coğrafi cəhətdən bir-birindən uzaq, lakin tarixlərinə, ənənələrinə, mədəni kimliklərinə və zəngin irslərinə olan dərin bağlılıqla birləşən iki ölkə – Mərakeş və Azərbaycan arasında körpülər”.

Diplomat vurğulayıb ki, Mərakeş əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və ənənələrin qovuşduğu məkan olub. Bu misilsiz müxtəliflik, Mərakeş Konstitusiyasında da təsbit olunduğu kimi, Mərakeş kimliyinin əsas güc mənbələrindən birini təşkil edir.

Mərakeşin mədəni zənginliyi dünya irs xəzinəsində layiqli yer tutur. Səfir vurğulayıb ki, 2025-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınan Mərakeş kaftanı bunun gözəl bir nümunəsi, bu irsin zənginliyinin və canlılığının təsdiqidir: “Kaftan Mərakeş kimliyinin, sənətkarlığının və yaradıcılığının canlı təzahürü hesab olunur. Əsrlərlə ölçülən bir tarixə malik olan bu geyim Fatim-Zəhra Filali İdrisi kimi müasir dizaynerlərin fəaliyyəti sayəsində daim təkamül edir”. 

Mərasimdə çıxış edən “Joussour” İncəsənət və Yaradıcılıq Assosiasiyasının prezidenti Şərifə Lalla Fatim Zohra Mərakeşin mədəni irsinin yaşadılması, tanıdılması və təbliği istiqamətində gördükləri işlərdən söz açıb.

Tədbir Mərakeş kaftanlarını parlaq rəng və dizaynlarda təqdim edən “Fatim” dəb kolleksiyası nümunələrinin canlı nümayişi və mərakeşli musiqiçilərin ifasında mahnı və rəqslərlə davam edib.

Qonaqlara Mərakeşin milli yemək və şirniyyatlarını təqdim edilib.

Tədbirdə mərakeşli fotoqraf və vizual rəssam Məhəmməd Tərzinin “Tbourida – canlı irs”  sərgisi də nümayiş olunub. Sərgi Mərakeşin UNESCO siyahısında yer alan irs nümunəsi “Tburida”nın – tarixi XVI əsrə gedib çıxan atlıların parad-tamaşasının foto-hekayəsini əks etdirir.

***

Bakıda Mərakeş İrsi Həftəsi sentyabrın 11-dən İçərişəhərdə davam edir.

Qoşa Qala qapısı meydanında təşkil olunan təqdimatda Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Rüfət Mahmud iştirakçıları salamlayıblar.

Mərakeş və Azərbaycan musiqiçilərinin ifaları təqdim olunub.

Meydanda qurulan çadır-köşklərdə Mərakeşin mədəni irsinin nümunələri, sənətkarların əl işləri təqdim olunur. Satış-sərgidə suvenirlər, ənənəvi tikmə sənəti, ətriyyat, xalçalar və s. yer alıb.

Sentyabrın 14-dək ziyarətçilər burada Mərakeşin mədəni irsi ilə tanış ola, musiqilərini dinləyə bilərlər.

 

Vüqar Orxan