Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin bu ölkənin “İncəsənət və Yaradıcılıq Körpüləri” Assosiasiyası  (L'Association Marocaine Joussour des Arts et de la Créativité – AMJAC) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə tərəfdaşlığı çərçivəsində 11-14 sentyabr tarixlərində Bakıda Mərakeş İrsi Həftəsi keçiriləcək.

Səfirlikdən verilən məlumata görə, tədbirlərdə Mərakeşin zəngin mədəni irsi dəb, fotoqrafiya, musiqi, qastronomiya, ənənəvi sənətkarlıq və turizm vasitəsilə Azərbaycan ictimaiyyətinə təqdim olunacaq.

Təqdimatda Mərakeş mədəniyyətinin rəmzlərindən olan kaftana xüsusi yer ayrılacaq. Xatırladaq ki, Mərakeşin milli geyimi kaftan ənənəvi sənətkarlıq (toxuculuq, tikmə, muncuq işləmə) nümunəsi kimi 2025-ci ildə “Mərakeş kaftanı: Sənət, ənənələr və bacarıqlar” adı ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına salınıb. Sərgidə həmçinin Mərakeşin cənub vilayətlərində qadınlara xas ənənəvi geyim – mlehfa nümayiş etdiriləcək.

İrs həftəsi Mərakeş və Azərbaycan arasında mədəni və insanlararası əlaqələrin daha da möhkəmləndirilməsi, iki ölkənin zəngin irsinin qarşılıqlı tanıdılması məqsədilə təşkil olunub.

Qeyd edək ki, 2024-cü ildə Mərakeş və Azərbaycan arasında vizasız rejim haqqında sazişin qüvvəyə minməsi turizm və mədəni mübadilələr üçün yeni imkanlar yaradıb.