AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, yazıçı-publisist Xanım Mehdixanlının (Xanımbacı Məlikzadə) rus dilindən tərcümə edərək nəşrə hazırladığı “Özbək xalq nağılları” kitabı işıq üzü görüb.
İnstitutdan bildirilib ki, nəşrə qardaş özbək xalqının folkloruna aid, Azərbaycan dilində indiyədək çap olunmamış on dörd nağıl rus dilindən tərcümə edilərək daxil olunub. Nağıllar müxtəlif mövzuları əhatə edir.
Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Leyla Kərimova, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevdir. Kitab I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.



















