Sentyabrın 9-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski ilə Səməd vida mərasimi keçirilib.
Mərasimdə rəsmilər, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi teatrın matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından, eləcə də dövlət qurumları, müxtəlif təşkilatlar adından əklillər düzülüb.
Aleksandr Şarovskinin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətinin pərəstişkarları teatrın binasına gələrək, görkəmli sənətkara son borclarını yerinə yetiriblər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Mədəniyyət Nazirliyinin kollektivi adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Nazir Aleksandr Şarovskinin ömrünün 60 ilə yaxın dövrünü teatr sənətinə həsr etdiyini bildirib: “Aleksandr Şarovski teatrla nəfəs alır, teatrla yaşayırdı. Əlli ildən artıq çalışdığı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının inkişafında onun müstəsna xidmətləri olub. Görkəmli sənətkar və ictimai xadim kimi fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində saxlanılıb”.
Adil Kərimli vurğulayıb ki, Aleksandr Şarovski teatr və incəsənət sahəsindəki çoxşaxəli fəaliyyəti ilə yanaşı, Azərbaycanda qədim ənənələrə malik rus teatr məktəbinin inkişafına da mühüm töhfələr verib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov çıxışında Aleksandr Şarovskinin zəngin və çoxşaxəli yaradıcılıq yolundan danışıb. Qeyd edib ki, görkəmli sənətkar Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycan, rus və dünya dramaturgiyasının nümunələri əsasında hazırlanan tamaşalarda 50-dən çox yaddaqalan obraz yaradıb. Hüseyn Cavidin “Şeyx Sənan” əsərində Şeyx Sənanı, Səməd Vurğunun “Fərhad və Şirin” pyesində isə Fərhadı canlandırıb. Rejissor kimi də məhsuldar fəaliyyət göstərən Aleksandr Şarovski 50-dən artıq tamaşaya səhnə həyatı verib.
“Aleksandr Şarovski yaradıcılıq fəaliyyəti boyunca yüksək mükafatlara layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Onun ən gözəl xüsusiyyətlərindən biri xalqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət etməsi idi. Böyük sənətkarın yaratdığı obrazlar, quruluş verdiyi tamaşalar və əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, – deyə H.İsmayılov vurğulayıb.
Rus Dram Teatrının direktoru Əməkdar artist Oleq Əmirbəyov, digər çıxış edənlər sənətkarın Azərbaycan mədəniyyətinə, teatr sənətinə töhfələrindən söz açıblar.
Mərhumun həyat yoldaşı Xalq artisti Natalya Şarovskaya Azərbaycan Respublikasının Prezidentinə, Heydər Əliyev Fonduna, teatr rəhbərliyinə, eləcə də vida mərasiminin təşkilində yaxından iştirak edən hər kəsə dərin minnətdarlığını ifadə edib.
O, Aleksandr Şarovskinin Azərbaycanı ürəkdən sevdiyini bildirib: "Aleksandr Şarovski premyeraları, anşlaqları və bu səhnəni çox sevirdi. Tamaşaçıların aktyorlara gül təqdim etməsi ona xüsusi sevinc bəxş edirdi. Bu gün də səhnə güllərlə, onun gözəl portretləri ilə bəzədilib”, – deyə N.Şarovskaya vurğulayıb.
Xalq artisti Aleksandr Şarovskinin cənazəsi teatrın binasından götürülərək İkinci Fəxri xiyabana aparılıb.
Burada mərhumun ruhuna dualar oxunub. Görkəmli sənətkarın cənazəsi torpağa tapşırılıb, Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.
Qeyd edək ki, Aleksandr Şarovski sentyabrın 9-da 78 yaşında vəfat edib.
O, “Əməkdar artist” (1987) və “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008) və “Şərəf” (2018) ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.




























