Muğam dəstgah sənətinə dini-fəlsəfi baxış
O şikayətlər ki, mən yarımdan zar eylərəm,
Məqsədim yar adıdır ki, dildə təkrar eylərəm.
M.Füzuli
Azərbaycan muğam sənətini maraq içində araşdırsaq, biz muğam sənətini yüksək zirvəyə qaldırarıq.
Ü.Hacıbəyli
Şifahi ənənəyə əsaslanan, professional mürəkkəb musiqi janrı olan muğam dəstgah sənətinin özünəməxsus ifa üslubu və səciyyəvi xüsusiyyətləri vardır. Bu sənət həmişə zirvədə dayanan, əhatə dairəsi çox geniş olan, bitkin bir sistemdir. Fəlsəfəsi, tarixi, coğrafiyası olan bu sənət növü bütövlükdə bir sıra elmlərin (musiqi, poeziya, fizika, riyaziyyat, etika, estetika, psixologiya və s.) nəticə və qənaətləri ilə əlaqədardır. Budur bu sənətin həqiqi möcüzəliliyi!
Sovetlər dövründə bu sənətin musiqi-elmi cəhəti, yəni dəstgahların melodiya və lad intonasiya əsaslarının vəhdəti daha çox öyrənilirdi. Bu sənətin fəlsəfə və mahiyyətinin şərhində, idrak prinsipi kimi muğamın məğzi olan ruhi tərəfinin qavranılmasında boşluq müşahidə olunurdu.
İslam mədəniyyətinə xas olan estetik düşüncə tərzi ilə, xüsusi ilə təsəvvüf və irfanla bağlı olan dəstgah sənətinin, dini-fəlsəfi tədqiqatı ümumən aparılmamışdır.
Aydındır ki, mahiyyətdən (fəlsəfədən) kənarda, forma (quruluş) səviyyəsində öyrənilən (qavranılan) anlam (bilgi) tam ola bilməz. Xüsusi ifa üslubuna malik, dünyəvi xarakterli musiqi janrı kimi təqdim olunan bu sənətin məzmun, mahiyyəti, fəlsəfəsi (ideyası) düzgün açılıb təhlil edilmirdi. Elmi ədəbiyyatlarda ümumi halda bildirildi ki, dəstgahların şöbələri müəyyən bədii fikri, müxtəlif ifadə vasitələri ilə əyan edir və dəstgahın əsas ideyasının tədricən açılmasında müxtəlif mərhələ təşkil edir.
Yaxud, dəstgah küll halında məntiqi inkişaf qaydası üzrə hissələrin mütəşəkkil məcmusudur. Dəstgahın vahid əsas inkişaf xətti ardıcıl surətdə, məntiqi qaydaya əsaslanaraq öz bütövlüyünü, tamlığını saxlayır və s.
Göründüyü kimi verilən bu izahlarda dəstgahın məzmunu (daxili proseslərin əlaqə və inkişaf prinsipləri və s.), mahiyyəti (daxili inkişaf qanunları və meyllərini müəyyən edən xassələrin açıqlanması və s.), fəlsəfəsi (konkret olaraq hansı ideyanın tədricən inkişaf edərək açılması) açıqlanmır.
Dəstgahlardakı məntiqi inkişaf niyə və necə baş verir? Bu məntiqi inkişafın xarakteri necədir?
Dəstgah sənətinin fəlsəfəsi məhz bu üç müxtəlif yönlü, lakin bir-birini tamamlayan sualların cavablandırılması ilə aşkarlana bilər.
Bu sualların cavablandırılması istiqamətində "Muğam həqiqətinə dini fəlsəfi baxış" araşdırmasında muğam dəstgah sənətinin fəlsəfi köklərinin Təsəvvüf fəlsəfəsi zəminində təhlilini apardım. Araşdırmada təsəvvüf və muğam dəstgah sənətinin əlaqələndirilməsi, yəni dəstgah fəlsəfi konsepsiyasının “Vəhdəti-vücud” nəzəriyyəsinə bağlılığı, onların ortaq və oxşar cəhətlərinin aşkarlanması məsələsi öz əksini tapıb. (bax: “Muğam ariflər üçündür”. Bakı, 2026. "Təsəvvüfdəki aparıcı prinsiplərin, muğam dəstgahının və muğamın quruluşundakı təzahürləri" bölümü)
Müqayisəli təhlildən göründüyü kimi, dəstgah sənətinin fəlsəfi konsepsiyası, təsəvvüf zəminində Ali Həqiqətin qəlbən dərkinə yönəlmiş olan fəlsəfi dərk etmədir, idrakdır.
Təəssüflər olsun ki, dünyəvi xarakterli musiqi janrı kimi təqdim edilən dəstgah sənətinin təsəvvüfü zəminində aşkarlanan özünəməxsus fəlsəfi-estetik xüsusiyyətləri, müasir ifaçılıq sənətində tam məsuliyyəti ilə nəzərə alınmır.
Məlumdur ki, idrak prosesi getdikcə daha mükəmməl, daha geniş həqiqətə doğru hərəkət kimi baş verir. Fəlsəfi baxımdan vacib tələblərdən biri, dəstgahın ifası boyu inkişaf etməli olan İdeya (məqsəd-niyyət) bəlli-aydın olmalıdır ki, idrak prosesində ideyanın mühüm cəhətləri müəyyən edilə bilsin. İdrak prosesinin dialektikasına görə, dəstgahın ifası zamanı, şöbələrin biri-birinə zəruri olan bağlılığını qəzəlin və muğam şöbəsinin həm forma (rədif və musiqi ritmi) həm də məzmun bağlılığı təmin edilməlidir. Dəstgahın tədricən inkişafında ideya və musiqi (muğam) baxımından hər şöbə, sonrakı şöbələrin inkişafı üçün zəmin kimi çıxış edir. Bu inkarı inkar qanununun tələbidir.
Aydınlıq üçün qeyd edim ki, ifaya qəzəl seçiminə dair N.Tusi və Ü.Hacıbəylinin tövsiyələri, qəzəlin və musiqinin məzmun bağlılığını yox, yalnız forma bağlılığını (rədif və musiqi ritmini) əhatə edir.
Deməli, dəstgahın tədrici inkişafı boyu tələb olunan dinamik yüksəlişin təmin olunması üçün, ifa olunan qəzəllər, bədii forma və məzmun baxımından tənzimlənməlidir. Belə ki, Fəlsəfi baxımdan forma və məzmun vəhdət halında olan əksliklərdir, eyni bir şeyin müxtəlif qütbləridir. Bunların qırılmaz vəhdəti özünü onda göstərir ki, aparıcı cəhət olan məzmun onun xarici ifadə təcəssümü olan formaya salınır. Deməli, ifa üçün seçilən qəzəllərin kompozisiyasında musiqi ilə əlaqə (rabitə) yaradılmalıdır. İfa zamanı belə əlaqə-rabitənin olmaması, bədii forma və məzmun arasındakı vəhdəti (birliyi) pozur, dərketmənin hissi və əqli ünsürlərinin inkişafında anlaşılmazlıqlar yaradır, idrakın daha geniş həqiqətə doğru inkişaf prinsipini pozur və tələb olunan konseptuallığın, yəni dəstgahın ifası zamanı təqdim olunacaq zehni obrazın, o cümlədən ümumi fikrin (anlayışın) yaranmasında çaşqınlıq, qeyri-müəyyənlik yaradır.
Fəlsəfi baxımdan əgər hər hansı bir ideya, müvafiq bədii formada, bədii obrazlar halında ifadə edilməyibsə, bu ideya hələ incəsənət əsəri deyildir!
Hegelin təbirincə desək: İlliadanı İlliada edən məzmunun ifadə olunduğu poetik formasıdır.
Bu günlər ifası və dinlənilməsinə vərdiş etdiyimiz mürəkkəb professional dəstgah sənətinin ilahi ya dünyəvi xarakterli musiqi janrı olmasına aydınlığın gətirilməməsi səbəbindən, ideyası (niyyəti) bəlli olmayan xaotik (qarışıq) mahiyyətli ifa nümunələri nümayiş etdirilir. Çoxsaylı belə ifa nümunələrindən yalnız ikisini təqdim etməklə kifayətlənəcəyəm.
Peşəkar xanəndə-müəllim Vüqar Əliyevin ideyası bəlli olmayan “Mahur-Hindi” dəstgah ifasında Füzulinin dini-mistik ruhlu aşiqinə qəzəli ilə Bakirin dünyəvi (nəsihətnamə) xarakterli qəzəli dəstgah sənəti üçün tələb olunan ahəngi yaratmır.
Yaxud, ifaçılıq məziyyətlərinə görə seçilən xanəndə-müəllim Sevinc Sarıyevanın “Orta-Mahur” dəstgah ifasında Füzulinin İlahi EŞQ məzmunlu qəzəli ilə Vaqifin dünyəvi məzmunlu qəzəli məzmun-mahiyyətcə uyuşa bilmir.
Verilən izah və şərhlərdən aydın olur ki, dəstgah sənətinə dünyəvi xarakterli musiqi janrı kimi baxış (yanaşma) bu sənət növünün fəlsəfəsində anlaşılmazlıq yaradır. Sənət meyarlarına cavab verməyən, bədii forma və məzmun bağlılığı tənzimlənməyən, konseptuallığın təmin olunmadığı ideyasız (niyyətsiz) belə dəstgah ifa nümunələrinin incəsənət əsəri kimi təqdim olunması(?) haqlı və narahat edici suallar doğurur.
Unutmaq olmaz ki, konsepsiyası fəlsəfi dərketmə, idrak olan dəsgah sənəti sadəcə hiss və duyğuların ləzzəti (əyləncəsi) üçün yox, əqli-mənəvi və idraki əhəmiyyəti olan yüksək əqli zövq və mənəvi ləzzət üçün nəzərdə tutulmuşdur.
Ciddi musiqi janrı olan dəstgah sənətinə, belə qeyri-ciddi münasibət sənətşünas alimləri ciddi düşündürməlidir.
Dəsgahın İlahi (təsəvvüfi) xarakterli musiqi janrı kimi ifasında mütləq və ardıcıl olaraq, təsəvvüf fəlsəfəsinin( " Vəhdəti Vücüt" təliminin) ideya daşıyıcısı olan arifanə və aşiqanə qəzəllərdən istifadə olunmalıdır ki, dəsgahın ideyası (Allaha olan məhəbbət) inkişaf edərək reallaşa bilsin, yəni arifin ruhən Mütləq gözələ can atması, Ona yaxınlaşması və nəhayətdə, Ona qovuşması reallaşa bilsin. İfaya belə yanaşma şərti həm də dəsgah sənədi üçün tələb olunan konseptuallığı təmin edir:
O gülün rəngi olmayan hər məqamda
Canların (ruhun) bülbülü nəğmə qoşmaz. (Rumi)
Yaxud
Çün bəqa bəzmindədir dilbər, mən həm durmazam. (Füzuli)
Yaxud
Nəfsdən üzülüşmək məqamından Fənayadək
Addım-addım Allahla görüşərik. (Rumi)
Bir vacib məqama xüsusi izah (şərh) verməyi vacib bilirəm. Məlumat üçün qeyd edim ki, Quran və sünnədə musiqi dini hökm kimi ümumən haram buyrulmamışdır. Bu, əksər islam alimlərinin qəbul etdiyi bir həqiqətdir.
Bu baxımdan ideyası İlahi Eşqə istiqamətlənən dəstgahın ifası reallığın təqlidini qəbul etməyən İslam realizminə əyani bir nümunədir. Başqa sözlə, Allaha məhəbbət ideyası ilə ifa olunan dəstgah nümunəsi İslami prinsiplərin təqlidi yox, məhz o prinsipləri realistcəsinə əks etdirən incəsənət nümunəsidir. İfa zamanı xanəndə, arif kimi şəxsi etiqadı zəminində, öz şəxsi imkanından bəhrələnərək real həyatın davamı kimi, onun təbiətində olan ilahilik hissi ilə ruhən Tanrıya doğru süzülən İlahi Eşqə can atır.
Göründüyü kimi dəsgahın təsəvvüfü zəmində ifasında, Allahın öyülməsi ... (“Fatir surəsi” – 15) .... Allahın zikri, təqdisi, tərifi, öyülməsi ... (“Əhzəb surəsi” – 41,42)... içəridən iman etmə ... (“Mucadala surəsi” – 11), “Zəriyyət surəsi” – 20) .... ali qəlb mərtəbəsi .... (“Qaf surəsi” – 37) bir sözlə möminliyi daha canlı, təsəvvüfü daha müdrik edən soyuq ağılla isti Eşqin zəmini (Əl-Qəzzali), qəlbin yanğısı-təşnəsi öndədir:
Suyu az axtar təşnə ol ki,
Bütün vücudunun suyu qaynasın. (Rumi)
“Hər şeyin özünə məxsus zinəti var” və “Allah hər bir şey üçün kamillik müəyyən edib” hədislərindən çıxış edərək deyə bilərəm ki, İslami baxımdan muğam dəstgah sənətinin kamilliyi, məhz daşıyıcısı olduğu ideyası ilə, yəni, Allahın xatırlanması, tərif və təsdiq edilməsi ilə aşkarlanır və təsdiqlənir.
Deməli, kamil sənət nümunəsi kimi muğam dəstgahı Ali Həqiqətə qovuşmağa can atan ruhun musiqi dili ilə ifadə formasıdır. Başqa sözlə, dəstgah sənəti ifadə olunmazın (Allahın) ifa olunan və eşidilən musiqi ilə ifadəsidir.
Əgər təsəvvüfün əməli hədəfi, cisim və canla bağlı olan Fənaya nail olmaqdırsa, onun elmi məqsədi qəlb yolu ilə mərifət əldə etməkdir!
Bu mənada ideyası Allaha məhəbbət olan dəstgah sənətinin birbaşa təsəvvüfün elmi məqsədinə – kamil insan və mənəvi təmizlənmə (katarsis) ideyasına xidmət etdiyini tam əminliklə qeyd edə bilərik:
“Ey Füzuli, qılmazam tərki-təriqi-Eşq, kim,
Bu Fəzilət daxili-əhli-kamal eylər məni. (Füzuli)
Vaxtilə Aristotel söyləyirdi ki, əgər bir fəlsəfə insan kamilliyinə xidmət edirsə, o elmdir.
Əql ilə dərk olunmaz Eşqin əsl mənası da elə budur.
Yekunda Quranın "Hədid" surəsinin 3 ayəsini burada xatırlatmaq istəyirəm:
“Əvvəldə O(Allah)-dur, yekun da O(Allah)-dur, aşkar da O(Allah)-dur, gizlin də O(Allah)-dur”.
Yuxarıda verilən şərh və izahlardan göründüyü kimi, muğam dəstgah sənətinin əvvəli də O(Allah)-dur (İlahi Eşq məqamını yetmək ideyası), yekunu da O(Allah)-dur (İlahi Eşq məqamına çatmaq, vəhdətə nail olmaq), aşkar görünən də O(Allah)-dur (formaca çox səslilikdən kamil tək (zil) səsə doğru, gizlin də O(Allah)-dur (xanəndənin dini-mistik halı).
Bəli, doğrudan da Muğam – varlığa bəsirət gözü ilə baxan, ali insani kamilliyi Ali Həqiqətlə Vəhdətdə bilən zövq və hal əhli olan Ariflər üçündür!
Doğrudan da, “Etiraf yoludur, Həqiqətin ekstatik dərk olunması yoludur – Muğam sənəti” (professor Gülnaz Abdullazadə).
Yekun olaraq təklif edirəm ki...
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu “Muğamşünaslıq” şöbəsində musiqi nəzəriyyəçilərinin, təsəvvüf fəlsəfəsi üzrə mütəxəssislərin, tədris müəllimlərinin və xanəndələrin birgə iştirak edəcəyi görüşdə məqalədə öz əksini tapan və ciddi suallar doğuran aşağıdakı məqamlara münasibət bildirilsin:
Dəstgah sənətinə münasibətdə mübahisə doğuran, anlaşılmazlıqlar yaradan ikili baxışa, yəni konsepsiyası fəlsəfi dərketmə, idrak olan dəstgah sənətinin dünyəvi xarakterli, yoxsa ideyası (niyyəti) Haqqın dərkinə yönəlmiş olan təsəvvüfi (ilahi) xarakterli musiqi janrı olmasına nəhayətdə aydınlıq gətirilsin.
Ümumən sənət meyarlarına cavab verməyən, bədii forma və məzmun bağlılığı tənzimlənməyən, dəstgah sənəti üçün zəruri olan konseptuallığın təmin olunmadığı ideyasızı (niyyətsiz) dəstgah ifalarının incəsənət əsəri kimi təqdim olunması ümumən İslam zəminində formalaşıb təşəkkül tapan dəstgah sənətinin inkişafı yox, “cılızlaşdırılmasıdır”. Sadalanan bütün bu nöqsanlara səbəb kimi, dəstgah fəlsəfi konsepsiyasının təsəvvüf fəlsəfəsi (“Vəhdəti-vücud” nəzəriyyəsi) ilə bağlılığı nəzərə alınmaqla ifaçılığa dair yeni metodiki tədris vəsaitlərinin tərtib edilib tədris müəssisələrinə niyə təqdim edilməməsinə aydınlıq gətirilsin.
2018-ci ildən Milli Məclisə təqdim olunan “Muğam sənətinin qorunması haqqında qanun” layihəsinin qəbulunun ləngiməsinə aydınlıq gətirilməlidir.
Milli Məclisdə “Muğam sənətinin qorunması haqqında qanun” layihəsinin müzakirəsində aşağıdakı elmi xarakterli tövsiyə nəzərə alınsın:
Dəstgah fəlsəfi konsepsiyasının təsəvvüf fəlsəfəsi ("Vəhdəti-vücüd" nəzəriyyəsi) ilə bağlılığı nəzərə alınmaqla, ifaçılığa dair yeni metodiki tədris vəsaitləri hazırlanmalıdır.
Şifahi ənənəyə əsaslanan professional, mürəkkəb muğam dəstgah janrının məzmun, mahiyyət və fəlsəfəsinin düzgün anlaşılması istiqamətində bu sənətin elmi tədqiqində yalnız islam (təsəvvüf) dünyagörüşünə ahəngdar olan konseptual əsasın seçilməsi, eləcə də ifaçılıqda yalnız təsəvvüf fəlsəfəsinin (“Vəhdəti-vücud” təliminin) ideya daşıyıcısı olan arifanə və aşiqanə klassik qəzəllərin istifadəsi (seçilməsi) vacib bilinsin.
Rəhim Müseyibov
muğam sənətinin dini-fəlsəfi tədqiqatçısı
Qeyd: məqalə müəllifin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının tövsiyəsi ilə çap olunan “Muğam ariflər üçündür” kitabından (Bakı, 2026) götürülüb.





















