AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında “Keçmişin sədası” adlı sərgi açılıb.
İnstitutdan verilən məlumata görə, sərgi Elmi ekspozisiyanın təşkili şöbəsinin nəzdində fəaliyyət göstərən arxeoloji dərnək tərəfindən təşkil olunub.
“Keçmişin sədası” layihəsinin əsas məqsədi tarix, arxeologiya və təsviri incəsənət arasında yaradıcı əlaqə qurmaq, Azərbaycanın maddi və mənəvi irsinin müasir incəsənət vasitəsilə təbliğinə töhfə vermək, eyni zamanda, gənc rəssamların yaradıcılıq imkanlarının geniş ictimaiyyətə təqdim olunmasına şərait yaratmaqdır. Sərgidə Azərbaycan tarixinin müxtəlif dövrlərindən, arxeoloji irsdən, memarlıq abidələrindən, milli ornament və xalçaçılıq ənənələrindən ilhamlanan rəngkarlıq, xalçaçılıq, bədii toxuculuq, keramika və dekorativ-tətbiqi sənətin digər istiqamətlərinə aid əsərlər nümayiş etdirilir.
Arxeoloji dərnəyin müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən üzvlərinin, Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin əməkdaşlarının və layihədə iştirak edən gənc yaradıcıların birgə fəaliyyətinin nəticəsi olaraq ərsəyə gələn sərgi sentyabrın 11-dək davam edəcək.






















