Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 16-da Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq. Mövsümün ilk tamaşası Heydər Əliyev Sarayında nümayiş olunacaq. Leyli rolunu Rəvanə Əmiraslanlı, Məcnunu Xəyal Hüseynov ifa edəcəklər.
Teatr sentyabrın 18-də başlanacaq XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına da hazırlaşır.
Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev bildirib ki, festival çərçivəsində Üzeyir Hacıbəylinin ən möhtəşəm əsərlərindən biri olan “Koroğlu” operası təqdim olunacaq.
Sentyabrın 24-də Heydər Əliyev Sarayının səhnəsində nümayiş olunacaq tamaşa baş rolun ifaçısı Xalq artisti Samir Cəfərovun 50 illik yubileyinə həsr edilib.
Bundan əlavə, sentyabrın 20-də Müslüm Maqomayevin “Şah İsmayıl” operası baş rolun yeni ifaçısı ilə təqdim olunacaq. Teatrdan verilən məlumata görə, BMA-nın Opera studiyasında nümayiş olunacaq tamaşada əsas partiyanı ilk dəfə gənc xanəndə, 6-cı Beynəlxalq Muğam Müsabiqəsinin birincisi Mirəli Sarızadə oxuyacaq.
Teatr yeni mövsümdə daha bir layihənin – Cakomo Puççininin “Turandot” operasının premyerasını edəcək. Operanın oktyabrın 24-25-26-da Heydər Əliyev Sarayında nümayiş etdirilməsi nəzərdə tutulub.
Baş dirijor Əyyub Quliyevin bildirdiyinə görə, səhnə əsərində İtaliyadan dəvət olunmuş tanınmış ifaçılar da çıxış edəcəklər: "İnanıram ki, bu layihə klassik musiqi həvəskarları üçün əsl bayrama çevriləcək”.
Ə.Quliyev görkəmli bəstəkarların yubileylərinin də diqqətdən kənarda qalmadığını vurğulayıb. “Xalq artisti, professor Ramiz Mustafayevin 100 illik yubileyi ilə əlaqədar oktyabrda həm Opera və Balet Teatrında, həm də Dövlət Akademik Filarmoniyasında konsertlər keçiriləcək. Teatrın repertuarında Qara Qarayevin “Yeddi gözəl” baleti də yer alır, bu səhnə əsəri oktyabrın 8-də təqdim olunacaq”, – deyə o əlavə edib.























