Bu günlərdə rusiyalı soydaşımız, Sankt-Peterburq Repin adına İncəsənət Akademiyasının məzunu Kamilə Əhmədovanın müəllifi olduğu rəsm əsərinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə verilməsi ilə bağlı danışıqlar aparılıb.
Muzeydən bildirilib ki, Rusiyada böyüyüb təhsil almış Kamilə Əhmədova diplom işi olaraq "Seyid İmadəddin Nəsimi Şirvanşahlar sarayında” adlı iriölçülü tablo ərsəyə gətirib.
Azərbaycan mədəni irsinə töhfə vermək məqsədilə bu dövrü seçdiyini vurğulayan gənc rəssam əsərinin Bakıda – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunub saxlanmasını istəyib.
Muzeyin direktoru akademik Rafael Hüseynovun Sankt-Peterburq İncəsənət Akademiyasının rektoru akademik Semyon Mixaylovskiyə ünvanladığı məktuba müsbət cavab alındıqdan sonra əsər Azərbaycana gətirilib və Ədəbiyyat Muzeyinin Elmi fondların mühafizəsi, tədqiqi və rəqəmsallaşdırılması şöbəsinin müdiri Nərmin Əliyeva tərəfindən təhvil alınıb.
Beləliklə, Ədəbiyyat Muzeyini ziyarət edən qonaqlar tezliklə böyük şair, filosof-alim Seyid İmadəddin Nəsiminin həyatına həsr olunmuş otaqda şairi Şirvanşahlar sarayı ilə bağlayan tarixi faktları dinləyə, gənc rəssam Kamilə Əhmədovanın mövzu üzrə yaratdığı nəfis tablonu seyr edə biləcəklər.






















