https://medeniyyet.info.az/Bu il görkəmli kinooperator, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Kənan Məmmədovun 80 illik yubileyidir. Azərbaycan kinosunun dəyərli nümunələrində imzası olan sənətkar bir neçə ildir ki, ailə üzvləri ilə Kanadada yaşayır. Bu günlərdə isə Bakıda sənət dostları, kino xadimləri ilə bir araya gəlib.
Sentyabrın 4-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi Kənan Məmmədov 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Fondun foyesində sənətkarın yaradıcılıq yolunu, film çəkilişlərinin kameraarxası məqamlarını əks etdirən fotoşəkillərdən ibarət sərgi də təşkil olunub.
Tədbiri Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq yubilyara Mədəniyyət Nazirliyinin təbrikini çatdırıb, onun zəngin yaradıcılığından bəhs edib. Qeyd edib ki, Kənan Məmmədovun kinooperator kimi formalaşmasında Xan Babayev və Aleksandr Qalperin kimi ustadların peşəkar təcrübəsi və yaradıcılıq prinsiplərinin mühüm rolu olub. O da bu böyük sənətkarların yolunu davam etdirərək Azərbaycan kinematoqrafiyasının inkişafına dəyərli töhfələr verib.
Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və digər çıxış edənlər yubilyarın yaradıcılıq məziyyətlərindən bəhs edib, ona təbriklərini və ürək sözlərini çatdırıblar.
Çıxışlar arasında Kənan Məmmədovun kinooperatorluq istedadını parlaq şəkildə nümayiş etdirən filmlərdən ("Atları yəhərləyin", "Başqa ömür", "Təhminə", "Fəryad") kadrlar nümayiş olunub.
Yubiley tədbirinə vaxtilə Kənan Məmmədovla çiyin-çiyinə çalışmış mərhum kinematoqrafçıların övladları – Sədaqət Bədəlova (kinooperator Niyazi Bədəlovun qızı), Lalə Babayeva (kinooperator Xan Babayevin qızı), Aqşin Feyzullayev (kinorejissor Nicat Feyzullayevin oğlu) və Cəmilə Ocaqova (kinorejissor və kinooperator Rasim Ocaqovun qızı) da qatılıb. Onlar da sənətkara xoş arzularını bildiriblər.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü ifadə edib. Müsahibələrində dəfələrlə qeyd etdiyi kimi, o, hər bir filmini əziz tutur; çünki onların hər birinin arxasında aylarla davam edən gərgin əmək – bəzən isə hətta ömrünün tam bir ili – dayanır. O, ömrünün təxminən əlli ilini kinoya verib. Çəkdiyi hər filmə özümdən bir parça qoyub və işindən həmişə böyük məmnunluq duyub...
Onu da əlavə edək ki, Kənan Məmmədovun 80 yaşı bir ay sonra, oktyabrın 7-də tamam olacaq.
Sənətkarı bəri başdan təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq illəri arzulayırıq!
medeniyyet.info.az























