5-6 sentyabr tarixlərində Bakıda Türkiyənin Şanlıurfa şəhərinin zəngin tarixi və mədəni irsini tanıdan layihə – “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyəti Günləri” keçirilib. Proqramın açılışı paytaxtın tarixi məkanında, İçərişəhərin Qoşa qala meydanında olub.
Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbir Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Açılışda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Rüfət Mahmud, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, TÜİB idarə heyətinin sədri Hüseyn Böyükfırat, Bakı Yunus Emre İnstitutunun direktor müavini Ömər Yıldız çıxış ediblər.
Bildirilib ki, Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir. Bu münasibətlərin möhkəmlənməsində mədəniyyət və incəsənət sahəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyət daşıyır.
Çıxışlarda Şanlıurfanın bəşər sivilizasiyasının mühüm mərkəzlərindən biri olduğu, zəngin tarixi, mədəni irsi və özünəməxsus ənənələri ilə seçildiyi diqqətə çatdırılıb. Şəhərin tarixi-mədəni dəyərlərinin Bakıda təqdim edilməsinin Azərbaycan ictimaiyyətinin Türkiyənin qədim mədəniyyət mərkəzlərindən biri ilə daha yaxından tanış olmasına imkan yaratdığı bildirilib.
Qeyd olunub ki, Bakının tarixi mərkəzində "Şanlıurfa Mədəniyyəti Günlərinin" keçirilməsi iki şəhərin tarixi və mədəni irsi arasında maraqlı paralellər yaratmaqla yanaşı, xalqlarımızın ortaq dəyərlərinin nümayişi baxımından da əhəmiyyətlidir.
Çıxışlardan sonra tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşkilatçılara və tərəfdaş qurumların nümayəndələrinə təşəkkür sertifikatları təqdim olunub.
Şanlıurfanın zəngin folklor və musiqi ənənələrini əks etdirən konsert və xalq rəqsləri alqışlarla qarşılanıb.
Qeyd edək ki, ikigünlük proqram çərçivəsində Şanlıurfanın minilliklərə söykənən tarixi, mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqisi Bakı sakinlərinə və şəhərin qonaqlarına təqdim olunub.


























