Xəbər verdiyimiz kimi, milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində aparılan işlər çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşəbbüsü ilə AZSTAND-44 Texniki Komitəsi yaradılıb.

Bu yaxınlarda AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanmış kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar  təsdiqlənib.

Mədəniyyət Nazirliyi bu barədə cari ilin iyul ayında məlumat yaymışdı. Məlumata görə, təsdiq olunan standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. 

Standart layihələri Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi alətləri laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elmi-tədqiqat prosesi çərçivəsində 150-dən artıq kamança nümunəsi üzərində ölçmələr aparılıb, konstruktiv göstəricilər və proporsiyalar müəyyənləşdirilib, statistik təhlillər əsasında vahid standart parametrlər formalaşdırılıb. Bu metodologiya hazırlanmış standartların həm elmi əsaslılığını, həm də praktik tətbiq imkanlarını təmin edir.

Sözügedən standartlaşdırma prosesində son olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” yeni dövlət standartı qəbul edilib.

AZSTAND-dan bildirilib ki, bu dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris məqsədi üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərinin texniki və digər keyfiyyət göstəricilərinin vahid qaydada müəyyənləşdirilməsi, alətlərin istehsalında və qiymətləndirilməsində ümumi yanaşmanın təmin edilməsidir.

Yeni dövlət standartı layihəsi AZSTAND tərəfindən Mədəniyyət Nazirliyinin bazasında təsis edilən “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Əlavə edək ki, kamança Azərbaycan musiqi mədəniyyətinin ən qədim nümunələrindən biridir. Alət 2017-ci ildə UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib və Azərbaycanın zəngin musiqi ənənələrinin dünyada tanınmasında mühüm rol oynayır.