Azərbaycan mədəniyyətində, teatr və kino sənətində zəngin yaradıcılıq izi qoymuş Xalq artisti Yaşar Nurinin (3.9.1951 – 22.11.2012) anadan olmasının 75-ci ildönümümdə İkinci Fəxri xiyabandakı məzarı ziyarət olunub.
Akademik Milli Dram Teatrının kollektivi, Yaşar Nurinin sənət dostları, teatr xadimləri və ictimaiyyət nümayəndələri sənətkarın məzarı üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Anım tədbirində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Xalq artistləri Rafiq Əzimov və Əli Nur, Əməkdar artist Anar Heybətov görkəmli sənətkarın həyat və yaradıcılığından, milli teatr və kino sənətinə mühüm töhfələrindən söz açıblar.
Bildirilib ki, Yaşar Nuri özünəməxsus yaradıcılıq üslubu, yüksək səhnə mədəniyyəti və parlaq aktyor ifası ilə Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub. Onun yaratdığı müxtəlif xarakterli obrazlar tamaşaçıların yaddaşında dərin iz buraxıb. Sənətkar uzun illər ərzində Akademik Milli Dram Teatrında fəaliyyət göstərərək Azərbaycan teatrının inkişafına böyük töhfələr verib.
Çıxışlarda Yaşar Nurinin sənətə bağlılığı, peşəkarlığı, yaradıcılıq axtarışları və həmkarları arasında böyük hörmət qazandığı xüsusi vurğulanıb. Qeyd olunub ki, görkəmli aktyorun zəngin yaradıcılıq irsi Azərbaycan mədəniyyətinin qiymətli səhifələrindən biridir.
Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva sənətkarın xatirəsinə göstərilən diqqətə görə Akademik Milli Dram Teatrının rəhbərliyinə və kollektivinə, Teatr Xadimləri İttifaqına təşəkkürünü bildirib.

























