Arxeoloji qazıntılar Orta əsr şəhər həyatının səhifələrini üzə çıxarır
Azərbaycanın zəngin tarixi keçmişinin öyrənilməsində arxeoloji tədqiqatların əvəzsiz rolu var. Torpağın dərinliklərindən üzə çıxarılan hər bir maddi-mədəniyyət nümunəsi keçmişimizin ayrı-ayrı səhifələrini işıqlandırır, qədim şəhərlərin həyat tərzi, təsərrüfatı, memarlığı və sosial münasibətləri haqqında yeni məlumatlar verir.
Bu istiqamətdə aparılan mühüm tədqiqatlardan biri də Şəmkir arxeoloji ekspedisiyasının fəaliyyətidir. Tarix elmləri doktoru Tarix Dostiyevin rəhbərlik etdiyi ekspedisiya növbəti arxeoloji tədqiqat mövsümünü uğurla başa vurub. Builki qazıntılar əldə olunan elmi nəticələrlə yanaşı, gənc tədqiqatçıların hazırlanması baxımından da xüsusi əhəmiyyət daşıyıb.
Mövsümün diqqətçəkən yeniliklərindən biri “Qədim Şəmkir şəhəri” qoruğu ərazisində AMEA Arxeologiya və Antropologiya İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkil etdiyi “Arxeoloji yay məktəbi" olub. Layihəyə BDU-nun Tarix fakültəsinin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələri cəlb edilib. Gənclər nəzəri biliklərini real arxeoloji qazıntı prosesində tətbiq etməklə həm təcrübə qazanıb, həm də elmi-tədqiqat işinin xüsusiyyətləri ilə yaxından tanış olublar.
Ekspedisiyanın tədqiqatlarının əsas ünvanlarından biri Narınqala ərazisində yerləşən və Orta əsr memarlığının nümunəsi sayılan tikilinin qalıqları olub. IX–X əsrlərə aid edilən kompleks Xəlifənin canişini Böyük Büğanın sifarişi ilə inşa etdirilib. Təxminən 2200 kvadratmetr sahəni əhatə etmiş kompleks həmin dövr üçün Azərbaycan ərazisində aşkar edilmiş ən böyük tikililərdən biri diqqəti cəlb edir.
Abidənin bu günə qədər gəlib çatan hissələri onun tarixi haqqında da məlumat verir. Kompleksin şimal, şərq və mərkəzi hissələri XI əsrdə baş vermiş güclü yanğın nəticəsində ciddi zərər görüb. Buna baxmayaraq, cənub-qərb sektorunda qədim mədəni təbəqələrin nisbətən toxunulmaz qalması arxeoloqlar üçün mühüm tədqiqat imkanları yaradıb. Sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə aparılan tikinti və torpaq işləri nəticəsində abidənin bəzi hissələri, o cümlədən cənub divarı və ehtimal edilən bürc də müəyyən zərər görüb.
Cənub-qərb sektorunda aparılan qazıntılar abidənin funksional təyinatının müəyyənləşdirilməsi baxımından mühüm nəticələr verib. Araşdırmalar göstərib ki, bu hissə əsasən təsərrüfat məqsədləri üçün istifadə olunub. Burada təndirxana, mətbəx və anbar kimi fəaliyyət göstərən otaqlar yerləşib. Təndirxanaların fəaliyyətinin XI əsrin ikinci yarısına qədər davam etdiyi müəyyən edilib. Cari tədqiqat mövsümündə isə ərazidə əlavə olaraq 4 təndir qurğusu aşkar edilərək tədqiq olunub.
Qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri həmin ərazidə gündəlik həyatın və təsərrüfat fəaliyyətinin izlərini özündə yaşadır. Bəzək əşyaları, sikkələr, şüşə qablar və yerli fayans (keramika) nümunələrinin az olması ərazinin yaşayış və nümayiş xarakterindən daha çox təsərrüfat funksiyası daşıdığını göstərir. Bunun əksinə olaraq, dəmir əmək alətləri, ox ucluqları, müxtəlif inşaat materialları, mətbəx və süfrə keramikasının külli miqdarda aşkar edilməsi Orta əsr insanının gündəlik həyatına dair mühüm məlumatlar verir.
Arxeoloji qazıntılar yalnız torpaq altından maddi nümunələrin çıxarılması deyil, həm də keçmişin səssiz izlərinin oxunmasıdır. Şəmkirdə aparılan tədqiqatlar əsrlər əvvəl burada mövcud olmuş şəhər həyatının ayrı-ayrı xüsusiyyətlərini yenidən canlandırmağa imkan verir. Hər bir tikili qalığı, keramika parçası, əmək aləti və digər arxeoloji material orta əsr şəhərinin gündəlik həyatının müəyyən bir detalını tamamlayır.
Şəmkir arxeoloji ekspedisiyasının əldə etdiyi nəticələr Azərbaycanın Orta əsr şəhər mədəniyyətinin, memarlığının və sosial-iqtisadi həyatının öyrənilməsi üçün mühüm elmi baza yaradır. Aparılan tədqiqatlar həm ölkəmizin zəngin tarixi irsinin daha dərindən öyrənilməsinə, həm də bu irsin qorunması və gələcək nəsillərə çatdırılması işinə mühüm töhfə verir. Bu baxımdan davamlı arxeoloji tədqiqatlar yalnız bu günün elmi maraqlarına deyil, gələcək nəsillərin öz tarixini daha dolğun tanımasına xidmət edən mühüm bir missiyadır.
Aləmzər Pənahqızı
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

























