Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 154-cü mövsümü sentyabrın 11-də açacaq. İllərdir davam edən ənənəsinə sadiq qalan teatrda yeni mövsümün ilk nümayişi “Qarabağnamə” tamaşası (İlyas Əfəndiyev) olacaq.

Sentyabr ayının afişasında teatrın repertuarından “Kral Lirin faciəsi” (U.Şekspir), “Filumena Marturano” (E. De Filippo), “Varlı qadın” (Ə.Əmirli), “İblis və...” (H.Cavid), “Aydın” (C.Cabbarlı) və s. tamaşalar da yer alıb.

Sentyabrın 16-17-də isə Akademik Milli Dram Teatrı yeni mövsümün ilk premyerasını təqdim edəcək.  

“Dostoyevski FM: Mordasov xronikaları” tamaşası rus yazıçısı F.M.Dostoyevskinin “Dayının yuxusu” povestinin motivləri əsasında hazırlanıb. “Qalmaqal-karnaval” janrında ikihissəli tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. 

Tamaşada Əməkdar artist Sənubər İsgəndərova, Əməkdar artist Ayşad Məmmədov, Lalə Süleymanova, Nərminə Məhərrəmova, Cavidan Novruz, Nigar Güləhmədova, Rada Nəsibova və Güney Əliyeva iştirak edirlər. Quruluşçu rəssam Mustafa Mustafayev, işıq üzrə rəssamı Rafael Raqifoğludur. Tamaşanı Fəridə Zülfüqarlı idarə edir.

Dostoyevski yaradıcılığının ikinci dövrünə aid olan – ədibin 1859-cu ildə sürgündə (Semipalatinsk, Şərqi Qazaxıstan) qələmə aldığı “Dayının yuxusu” tragikomik povestində hadisələr Marya Aleksandrovna Moskalyovanın yaşadığı Mordasov şəhərində baş verir.