Avqustun 30-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne şəhərindən Türkiyənin Mersin vilayətinin Taşucu limanına sərnişin aparan gəmi sahildən təxminən 5 kilometr aralandıqdan sonra batıb.

"Filo Jet" şirkətinə aid katamaran (bərə) tipli gəmidə 259 sərnişin və 8 heyət üzvü olub.

ŞKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklının bildirdiyinə görə, günorta saatlarında (yerli vaxtla saat 12) Girne limanından yola düşən gəmi su alaraq yan tərəfə aşıb. Xilasetmə əməliyyatına sahil mühafizəsi qrupları və mülki müdafiə heyəti cəlb olunub.

İlkin məlumatda 237 nəfərin xilas edildiyi xəbər verilib. Axşam saatlarında xilas olunanların sayının 241-ə çatdığı bildirilib. 

8 nəfərin cəsədi sudan çıxarılıb. İtkin düşmüş sayılan 18 nəfərin axtarışı davam edir.

Yüksək dalğaların olduğu əlverişsiz hava şəraitində gəmi batıb. Hazırda onun Aralıq dənizinin Girne sahillindən 4 mil aralıqda təxminən 500 metr dərinlikdə olduğu bildirilir.

ŞKTC-nin Baş naziri Ünal Üstel qəza nəticəsində itkin düşənlərin tapılması üçün bütün mövcud resursların səfərbər edildiyini bildirib. 

Axtarış-xilasetmə işlərinə Türkiyədən 3 təyyarə, 4 pilotsuz uçuş aparatı, 6 helikopter, eləcə də sahil mühafizə və patrul gəmi və qayıqları, eləcə də ŞKTC-nin 4 sahil mühafizəsi qayığı, 2 helikopter, patrul qayıqları cəlb olunub.

Girne şəhərinin sahillərində bərənin batması nəticəsində həlak olanlarla bağlı Şimali Kiprdə 3 günlük matəm elan edilib. Bu barədə qərarı ŞKTC Prezidenti Tufan Erhürman açıqlayıb. O, 18 nəfərin axtarışlarının qayıq və dronlardan istifadə etməklə davam etdiyini deyib.

Qəza ilə bağlı aparılan istintaq çərçivəsində gəminin kapitanı və 7 heyət üzvü nəzarətə alınıb. Hadisənin Şimali Kiprin indiyə qədər üzləşdiyi ən böyük dəniz qəzası olduğunu deyən Baş nazir Ünal Üstel hər bir təfərrüatın ən xırda detalına qədər araşdırılacağını vurğulayıb: "Ən kiçik səhlənkarlıq belə diqqətdən kənarda qalmayacaq. Günahkar və ya məsul şəxs kim olursa olsun, mütləq cəzasını çəkəcək”.

***

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmana başsağlığı verib.

Başsağlı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"