Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın müvafiq dövlət qurumları, elmi müəssisələri və muzey-qoruqlarının nümayəndələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan qoruqların əməkdaşlarının, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimlərinin, BDU və Xəzər Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Ortaq irs, ortaq gələcək: Türk dünyasında arxeoloji və tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.

Türk dünyasının zəngin arxeoloji və tarixi irsinin qorunması, tədqiqi və müasir yanaşmalarla təbliği sahəsində təcrübə mübadiləsinin aparılması məqsədi daşıyan seminar "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş elmi işçisi, BDU-nun dosenti Yunis Nəsiblinin moderatorluğu ilə gerçəkləşib.

Bu barədə "Keşikçidağ" qoruğundan məlumat verilib.

Onlayn seminarda iki əsas bölmə çərçivəsində tərəfdaş ölkələrin mütəxəssislərinin məruzələri dinlənilib.

Seminar türk dövlətləri arasında arxeologiya, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də ortaq tarixi-mədəni irsin beynəlxalq müstəvidə daha geniş təbliği baxımından platforma kimi əhəmiyyətli olub.