24-26 avqust tarixlərində keçirilən Laçın Beynəlxalq Film Festivalı (Lachin International Film Festival – LIFF) başa çatıb.

Bağlanış mərasimində festivalın direktoru Amil Amal qaliblərə və fərqlənən iştirakçılara mükafatlar təqdim edib.

Festivalın təşkilinə dəstək verən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Xalq artisti Şamil Süleymanlı, ssenarist, rejissor Elşad Ərşadoğlu və rejissor İlkin Umarov “Qızıl palıd budağı” mükafatı ilı təltif olunublar.

“Golden Oak Branch” mükafatına Jean-Marie Villeneuve və Toktobek Usonov layiq görülüblər.

Müxtəlif kateqoriyalar üzrə ümumilikdə 17 nəfərə mükafat verilib.

Bundan əlavə, festivalın müsabiqə proqramına seçilən bütün 39 filmin iştirakçılarına “Rəsmi iştirakçı” sertifikatı təqdim olunub. 

Münsiflər heyətinin xüsusi diqqətini çəkən filmlər sırasında Ayan Məlikin “Laylay”, aktyor Anar Buludun “Timşel”, Asiman Ağa Rövşənin “Divarın o üzü”, Mehmet Oğuz Yıldırımın “Kudret”, Kübra Binnətovanın “Eyni yağış altında”, İqor Smolanın “It lives under the snow”, Marcin Tomaszewskinin “Karma. The line between”, Rezanın “Aşıqlar çayxanası”, Zeljko Stanetiçin “Milena”, Nodir Nuriddinoviç Abdukarimovun “Cold Spring” filmləri yer alıb.

Laçın Beynəlxalq Film Festivalı Qarabağda və Şərqi Zəngəzurda keçirilən ilk kinofestivalıdır. Festivalın əsas məqsədi Azərbaycan kinosunun təbliği, yerli və xarici kino nümayəndələri arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, eləcə də regionun mədəni həyatının canlandırılmasına töhfə verməkdir.