2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1342,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, gələnlərin 60 faizdən çoxu Azərbaycanın qonşu ölkələrini əhatə edir: 28,3 faiz – Rusiya Federasiyası, 20,0 faiz – Türkiyə, 7,9 faiz – İran, 4,7 faiz – Gürcüstan.
Bundan əlavə, ilin əvvəlindən Azərbaycana gələnlərin 4,6 faizi Qazaxıstan, hər birindən 3,2 faiz olmaqla Özbəkistan və Pakistan, 3,1 faizi İsrail, 2,6 faizi Hindistan, 2,5 faizi Çin, 2,3 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,1 faizi Almaniya, 1 faizi Böyük Britaniya, 12,6 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8 faiz artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,6 faiz artaraq 531,3 min nəfər olub.
Fevral ayından hərbi əməliyyatlara meydan olmuş Körfəz ölkələrindən gələnlərin sayı isə ilin əvvəlindən ümumilikdə 32,8 faiz azalaraq 159,5 min nəfər təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 2,4 faiz azalaraq 1160,1 min nəfər olub.
Onların 42,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox), 15,9 faizi Rusiyaya (1,3 faiz az), 12,4 faizi Gürcüstana (8 faiz çox), 5,8 faizi İrana (36,3 faiz az), 23,2 faizi isə digər ölkələrə (4,1 faiz az) gedib.





















