Xəbər verildiyi kimi, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başlanıb.
“Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Səfər proqramına uyğun olaraq, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddəki Heydər Əliyev meydanına gəlib, memorial kompleksin önünə gül dəstələri qoyublar.
***
Bildiyimiz kimi, Azərbaycan-Özbəkistan münasibətləri artıq strateji müttəfiqlik xarakteri daşıyır. 2022-ci ildən, prezidentlərin təmaslarından sonra Özbəkistan-Azərbaycan münasibətləri yeni mərhələyə, yeni səviyyəyə qədəm qoydu.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikirləri Daşkənddə jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, həmin dövrdən bəri iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib, indi isə əbədi dostluq münasibətləri xarakteri daşıyır. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı ilk dəfə Özbəkistanla atırıq.
Xalqlarımızın onsuz da əbədi dost olduqlarını, Azərbaycanla Özbəkistan arasında tarixi bağlantıların mövcudluğunu xatırladan H.Hacıyev deyib: “Biz bunu hətta Əlişir Nəvainin, digər özbək ədiblərin əsərlərində, həmçinin xalqlarımızı birləşdirən başqa ədəbi əsərlərdə və dostluq münasibətlərində görə bilərik. Xalqlarımızın iradəsindən, ortaq tariximizdən, mədəni köklərimizdən irəli gələrək bu səfər çərçivəsində dövlət başçıları tərəfindən əbədi dostluq münasibətləri haqqında sənəd imzalanacaq. Başqa sözlə desək, yəni artıq de-fakto, tarixə əsaslanan Azərbaycan-Özbəkistan əbədi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır”.























