Xəbər verdiyimiz kimi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü ilə “Şəhərdən kəndə mədəniyyət karvanı” adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində avqustun 21-də Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaralar kənd Folklor evində təşkil edilən konsert proqramı təqdim olunub.
Proqramda rəngarəng musiqi nömrələri səsləndirilib, məktəblilər tərəfindən şeirlər qiraət edilib.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Əhmədabad kənd Folklor evinin “Axısxa” türk halay rəqs qrupunun çıxışları da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
***
Layihənin daha bir konsert proqramı avqustun 21-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində təşkil olunub.
Kənd Diyarşünaslıq evində keçirilən konsertdə Beyləqan rayon Mədəniyyət Mərkəzi və Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin kollektivləri tərəfindən musiqi və rəqs nömrələri ifa olunub. Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Sandıq” milli geyimlər studiyasında hazırlanmış milli geyim nümunələrinin nümayişi keçirilib.
Tədbir iştirakçıları Diyarşünaslıq evində fəaliyyət göstərən musiqi və idman dərnəkləri ilə də tanış olublar.
***
“Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi çərçivəsində avqustun 20-də İmişli rayon Mədəniyyət Mərkəzinin Qaralar kənd klubunda “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Eviniz abad” tammetrajlı bədii filmi (2018) nümayiş etdirilib.
Mədəniyyət mərkəzinin direktoru Daşqın İsmayılov nümayişdən əvvəl layihənin məqsədi və filmin məzmunu haqqında iştirakçılara məlumat verib.
Film müharibə nəticəsində torpaqlarını, doğmalarını və evlərini itirmiş iki gəncin – azərbaycanlı Qafar və gürcü qızı Leylanın təsirli sevgi hekayəsindən bəhs edir.
***
Avqustun 22-də Saatlı rayon Mədəniyyət Mərkəzinin Hacıqasımlı kənd Diyarşünaslıq klubunda “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Üçüncü günün adamı” bədii filmi nümayiş etdirilib.
Mədəniyyət mərkəzinin direktoru Bəylər Əliyev nümayişdən əvvəl çıxış edərək layihənin məqsədi və filmin məzmunu barədə tamaşaçılara məlumat verib.
2017-ci ildə çəkilmiş film azadlığa çıxdıqdan sonra valideynlərinin vəfat etdiyini və doğma yurdunun işğal altında olduğunu öyrənən baş qəhrəman Sadiqin dramatik hekayəsindən bəhs edir.
***
Mil-Muğan RMİ-nin “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi növbəti həftədə də davam edəcək.


























