Avqustun 20-də Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901–1979) anadan olmasının 125 illiyi tamam olur.
Milli Kitabxana yubiley münasibətilə sənətkar haqqında virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.
“Xalq artisti Xan Şuşinski – 125” adlı sərgidə Milli Kitabxananın fondunda xanəndənin həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, onun musiqi mədəniyyətimiz tarixindəki rolundan bəhs edən kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Xan Şuşinskinın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. O, xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
Sənətkar 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaradıb və gənc xanəndələrə muğamın sirrlərini öyrədib. O, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olub, muğam ifaçılarının yeni nəslini yetişdirib.
Xan Şuşinski milli musiqi xəzinəsini yeni mahnılarla da zənginləşdirib. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub.
Sənətkarın zəngin yaradıcılığı haqqında Milli Kitabxananın virtual sərgisində ətraflı məlumat verilir.
Virtual sərgiyə bu linkdə baxmaq olar.





















