Gəncə Dövlət Milli Dram Teatrının tamaşası haqqında
Müasir Azərbaycan teatrında monotamaşalar xüsusi estetik və ideya yükü daşıyan səhnə nümunələri kimi diqqəti hər zaman cəlb edir. Gəncə Dövlət Milli Dram Teatrında Şəbnəm Xeyrullanın “Arqon” pyesi əsasında hazırlanmış “114 FM” adlı birhissəli misterik səhnə təcrübəsi də həm dramaturji quruluşu, həm də psixoloji dərinliyi ilə seçilir. Tamaşa fərdin daxili dünyasını, onun cəmiyyətlə münasibətlərini və ekzistensial böhranını (mən niyə yaşayıram, həyatın mənası nədir, mən kiməm?) səhnə müstəvisində təqdim edən mühüm sənət nümunəsi kimi dəyərləndirilə bilər.
Səhnə təqdimatı rejissor traktovkasından irəli gələrək monopyes kimi qurulub. Məhz bu baxımdan quruluşçu rejissor Raya Əli Şərif monoformanın əsas xüsusiyyəti dramatik hadisələrin bir obraz üzərində cəmlənməsi ilə yanaşı əlavə köməkçi obrazlar vasitəsilə səhnə variantının uğurlu təcəssümünü təqdim edə bilib. Cərəyan edən hadisələr fonunda rejissor yozumu hadisələrin psixoloji müstəvidə inkişafını təmin edir, daxili monoloqu əsas ifadə vasitəsinə çevirə bilir və tamaşaçı ilə obraz arasında birbaşa əlaqə yaratmağa müvəffəq olur. Bu isə səhnədə hadisələrin gedişatının maraqla izlənilməsinə və baş verən vəziyyətlərin dolğun formada çatdırılmasına xidmət edir.
Qeyd etməliyəm ki, tamaşada rejissor yanaşması daha fərqli formada olaraq ümumi xətt boyunca minimal dekorasiya, psixoloji atmosferə yönəlmiş işıq və musiqi, aktyorun daxili vəziyyətini ön plana çıxaran statik və ya yarıstatik mizan-səhnələrlə zəngindir. Əslində, tamaşanın süjeti klassik dramaturgiyadan fərqli olaraq hadisələr üzərində deyil, düşüncələr üzərində qurulub desək daha doğru olardı. Eləcə də səhnə quruluşunu izlədikcə absurd-gerçəklik və “psevdosuisidal hoqqa” mizanları ilə daha çox rastlaşdığımızı da qeyd etməliyəm. Məhz bu kimi təqdimat absurd teatr elementi – həyatın mənasızlığı, parçalanmış düşüncə, qara yumor – intihar mövzusunun ironik təqdimatı baxımından da maraqla izlənilir. Təbii ki, rejissorun səhnə quruluşunda bu sintez tamaşanı ağır psixoloji dram olmaqdan çıxarıb, onu həm də fəlsəfi-ironiya müstəvisinə keçirir. Bu müstəvi həmçinin depressiya, identiklik böhranı və özünütəsdiq ehtiyacı, yaşamağın mənası və ya mənasızlığı – ekzistensial suallar, minimalist, lakin güclü psixoloji dramaturgiya olaraq təqdim edilməkdədir. Həmçinin qeyd etməliyəm ki, tamaşa boyu əsas konflikt daxili xarakter daşımaqla fərd və cəmiyyət qarşıdurması, yaşamaq və ölüm instinkti arasında seçim, özünü təsdiq etmək və özünü inkar etmək dilemması kimi qarşıdurmalar üzərində təqdim edilir. Məhz cərəyan edən hadisələr fonunda bu konfliktlər tamaşanın dramatik gərginliyini təmin etməklə tamaşaçını obrazın psixoloji vəziyyətinə daxil edir.
Rejissor traktovkasından irəli gələrək tamaşanın süjet xətti 50 yaşlı Arqonun həyatının kritik həddinə çatdığı bir məqam üzərində qurulub. Hadisələr onun binanın damına çıxaraq intihar qərarı ilə üz-üzə qalması ilə başlayır və tamaşa boyunca bu qərarın arxasında dayanan səbəblər rejissor yozumu ilə maraqlı şəkildə mərhələli formada təqdim edilir. Arqon ətraf mühitlə əlaqə yaratmağa çalışır, insanlara səslənir, radionun vasitəsilə müxtəlif fikirləri dinləyir, həyatının ayrı-ayrı epizodlarını məhz bu məqamlarda xatırlayır. Onun həyat yoldaşı, dostu və ailəsi ilə münasibətləri bu xatirələr və səsli mesajlar vasitəsilə təqdim olunur və nəticədə qəhrəmanın daxili böhranının sosial və psixoloji səbəbləri üzə çıxır. Hadisələrin inkişafı kulminasiya nöqtəsində qəfil və ironik dönüşlə tamamlanır.
Tamaşanın mövzusu insanın həyatdakı yerini və dəyərini tapa bilməməsi nəticəsində yaranan mənəvi boşluqdur. Arqonun həyatı zahirən adi sosial çərçivələr daxilində davam etsə də, o, özünü nə ailə daxilində, nə dost münasibətlərində, nə də ümumilikdə cəmiyyət içində təsdiq edə bilmişdir. Bu təsdiq olunmamaq hissi zamanla onun daxilində dəyərsizlik duyğusuna çevrilir və həyatın mənasız görünməsinə səbəb olur. Məhz tamaşanın quruluşçu rejissoru Raya Əli Şərif pyesin əsas problematik xəttini insanın “eşidilməməsi” və “anlaşılmaması” üzərində qurmaqla maraqlı səhnə mizanlarında təqdim edə bilmişdir. Qəhrəman tamaşa boyunca müxtəlif vasitələrlə birbaşa müraciətlə, texniki vasitələr və xatirələr üzərində ünsiyyət qurmağa çalışır. Lakin bu cəhdlərin heç biri real qarşılıq tapmır. Onun səsləndirdiyi fikirlər ya cavabsız qalır, ya da yanlış yozulur. Bu vəziyyət fərdin cəmiyyət içində mövcud olsa belə, psixoloji və emosional baxımdan təcrid olunmasını göstərir. Rejissor yozumunda cərəyan edən hadisələrin digər mühüm problematik istiqaməti sosial münasibətlərin formal xarakter alması ilə bağlıdır. Onun baxış bucağında qəhrəmanın həyat yoldaşı həmçinin dostu ilə dialoqları göstərir ki, bu münasibətlər artıq qarşılıqlı anlayış eləcə də emosional yaxınlıq müstəvisində deyil, daha çox maddi və məişət maraqları üzərində qurulub. Məhz rejissorun təqdim etdiyi vəziyyətlər halında insanın özünü başqalarının münasibəti üzərindən dəyərləndirməsi problemi də qabarıq şəkildə hadisələr fonunda təqdim olunur.
Qeyd etməliyəm ki, quruluşçu rejissor Raya Əli Şərifin traktovkasında həmçinin “missiya” anlayışı da problematik müstəvidə təqdim edilir. Qəhrəman ətraf mühitdə müxtəlif insanların həyat məqsədləri haqqında danışdığını eşitdikcə, öz həyatında belə bir məqsədin olmaması ilə üzləşir. Bu müqayisə onun daxili boşluğunu daha da kəskinləşdirir və öz mövcudluğunu mənasız hesab etməsinə gətirib çıxarır.
Pyesin mərkəzində Arqon adlı şəxsin daxili monoloqu dayanır. O, cəmiyyət tərəfindən anlaşılmadığını düşünən, həyatdakı uğursuzluqları səbəbindən psixoloji sarsıntı keçirən və intihar həddinə çatan bir obrazdır. Tamaşa boyu cərəyan edən hadisələr fonunda konflikt klassik dramatik qarşıdurmadan fərqli olaraq xarici deyil, daxili xarakter daşıyır. Burada əsas qarşıdurma fərd və cəmiyyət, “mən” və “başqaları” eləcə də yaşamaq, məhv olmaq instinktləri arasında formalaşır. Əslində, bu tip konflikt monopyeslər üçün səciyyəvidir və hər zaman olduğu kimi burada dramatik hərəkət fiziki deyil, psixoloji müstəvidə inkişaf edir.
Arqon həyatın mənasızlığı, cəmiyyət tərəfindən anlaşılmamaq və şəxsi uğursuzluqlar fonunda daxili böhran yaşayır. Aktyor Ruslan Hüseynovun ifasında Arqon obrazı mürəkkəb daxili aləmi, psixoloji ziddiyyətləri və cəmiyyətlə fərd arasındakı münasibətləri özündə əks etdirən maraqlı səhnə qəhrəmanıdır. Şəxsiyyət böhranı, tənhalıq və həyatın mənası kimi mövzuların daşıyıcısı olan bu obraz tamaşaçı qarşısında həm faciəvi, həm də düşündürücü xarakter kimi çıxış edir. Ruslan Hüseynov bu obrazı təqdim edərkən onun daxili gərginliyini və emosional dəyişkənliyini inandırıcı şəkildə canlandırmağa nail olur. Aktyorun oyun tərzində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri isə obrazın psixoloji vəziyyətinin mərhələli şəkildə açılmasıdır. Tamaşanın əvvəlində Arqon özünə qapalı, həyatla barışmayan və ətraf mühitdən təcrid olunmuş insan təsiri bağışlayır. Lakin hadisələr inkişaf etdikcə onun xarakterindəki mürəkkəblik üzə çıxır. Aktyor mimika, baxış və səs intonasiyalarından istifadə etməklə bu dəyişiklikləri tamaşaçıya daha dolğun şəkildə catdırmaqla hiss etdirə bilir.
Qeyd etməliyəm ki, həmçinin Ruslan Hüseynovun ifasında Arqon yalnız fərdi problemlər yaşayan insan deyil, həm də cəmiyyətin yaratdığı mənəvi təzyiqlərin simvoluna çevrilir. Aktyor obrazın daxili etirazını yüksək emosional gərginliklə təqdim edir. Bu etiraz bəzən istehza, bəzən ümidsizlik, bəzən isə susqunluq vasitəsilə ifadə olunur ki, bu da obrazın çoxqatlı xarakterini daha aydın göstərməyə müvəffəq olur.
Səhnə hərəkətləri və pauzalardan istifadə də aktyorun uğurlu tapıntılarından biri hesab edilməlidir. O, sözlə deyilə bilməyən hissləri bədən dili vasitəsilə çatdıraraq Arqonun mənəvi təlatümlərini nümayiş etdirir. Nəticədə tamaşaçı obrazın keçirdiyi daxili mübarizəni daha dərindən dərk edir.
Obrazın özünü təqdimatında bəlli olur ki, “Arqon” adı kimyəvi elementin (arqon qazı) adından götürülmüşdür. Arqon inert, yəni reaksiyaya girməyən bir elementdir. Bu xüsusiyyət aktyorun ifa tərzində obrazın xarakterinə simvolik şəkildə tətbiq olunaraq hadisələr fonunda cəmiyyətə uyğunlaşa bilməyən fərd, sosial münasibətlərdən təcrid olunmuş insan, passivlik və daxili donuqluq xüsusiyyətləri ilə diqqət mərkəzində olmağı bacarır. Səhnə təqdimatında bu xüsusiyyət əsərin fəlsəfi qatını gücləndirir və tamaşaya metaforik dərinlik qazandırır. Monotamaşa boyu aktyor öz ifası ilə daxili monoloqu canlı və təsirli təqdim etməklə emosional keçidləri inandırıcı şəkildə çatdırmaqla tamaşaçı ilə psixoloji əlaqəni qurmağı bacarır. Bununla da o, bir daha tamaşada aktyor oyunu yalnız rol ifası deyil, həm də daxili etiraf, psixoloji açılım funksiyası daşıdığını məharətlə nümayiş etdirməyə müvəffəq olur.
Beləliklə, Ruslan Hüseynovun yaratdığı Arqon obrazı insanın mənəvi axtarışlarını, tənhalığını və özünüifadə ehtiyacını əks etdirən təsirli səhnə nümunəsi kimi qiymətləndirilə bilər. Aktyorun emosional ifadə vasitələrindən peşəkar istifadə etməsi obrazın psixoloji dərinliyini açmağa və tamaşaçı ilə emosional əlaqə yaratmağa imkan verir. Bu baxımdan Arqon obrazı tamaşanın əsas ideya yükünü daşıyan və yadda qalan qəhrəmanlardan biri kimi çıxış edir.
Arqonun nəfsi əsərdə onun xarakterik kölgəsi kimi çıxış edir. Bu surət qəhrəmanın daxilində gizlənən qorxuları, arzuları, peşmanlıqları və ziddiyyətləri üzə çıxarır. Nəfs Arqonun şüuraltı aləminin bədii ifadəsidir və onun öz-özü ilə apardığı mübarizəni nümayiş etdirir. Əsər boyu Arqon cəmiyyət tərəfindən başa düşülməyən, tənhalıq hissi yaşayan bir insan kimi təqdim olunur. Nəfs isə onun daxilində yığılıb qalmış etirazların, narazılıqların və emosional gərginliyin daşıyıcısına çevrilir. Tamaşada bu obrazı aktyor Emil Salmanov ifa edir. Məhz tamaşa boyu Nəfs adlanan bu surət hadisələrin inkişafında mühüm rol oynayır. O, Arqonu daim düşündürür, keçmişinə qaytarır, onu öz həyatı və seçimləri ilə üz-üzə qoyur. Beləliklə, Nəfs surəti təkcə köməkçi obraz deyil, həm də qəhrəmanın daxili dünyasını açan bədii vasitədir. Onun vasitəsilə tamaşaçı Arqonun görünən davranışlarının arxasında gizlənən psixoloji səbəbləri daha dərindən anlaya bilir.
Qeyd etməliyəm ki, həmçinin Nəfs obrazı həm də əsərin fəlsəfi yükünü artırır. O, insanın öz daxili “mən”i ilə münasibətini, həyatın mənası və insanın cəmiyyətdəki yeri haqqında sualları gündəmə gətirir. Bu baxımdan Nəfs Arqonun xarakterik kölgəsi olmaqla yanaşı, əsərin əsas ideyasının ifadəçilərindən biri kimi aktyor oyunu ilə təqdim edilir. Həmçinin bu tamaşada aktyor oyunu sadəcə performans deyil, psixoloji etiraf xarakteri daşıyır. Nəticə etibarilə, Arqonun nəfsi onun daxili aləminin güzgüsüdür. Bu surət qəhrəmanın psixoloji vəziyyətini açır, onun tənhalığını və mənəvi sarsıntılarını dərinləşdirir, əsərin dramatik təsirini daha da gücləndirir.
“114 FM” (“Arqon”) tamaşasında Dicey obrazı hadisələrin mərkəzində dayanan və radio məkanının həm peşəkar, həm də psixoloji tərəfini təcəssüm etdirən mürəkkəb xarakterdir. Dicey radio aparıcısıdır. O, efirdə özünəinamlı, enerjili və dinləyicilərlə ünsiyyət qurmağı bacaran peşəkar kimi görünür. Lakin tamaşa inkişaf etdikcə məlum olur ki, onun zahiri rahatlığı daxili gərginlik və tənhalıq hissini gizlədir. Bu xüsusiyyət obrazı çoxqatlı və dramatik edir. Aktyor Elmir Məmmədovun ifasında Diceyin ən güclü cəhəti insanları dinləməyi və onların emosiyalarını hiss etməyi bacarmasıdır. O, efirdə başqalarının problemlərinə həssaslıqla yanaşmağa çalışmaqla yanaşı öz hisslərini ifadə etməkdə bir qədər də çətinlik çəkir.
Elmir Məmmədovun səhnədə jest və mimikaları da obrazın daxili vəziyyətini açmağa xidmət edir. Efirdə sərbəst görünən Dicey şəxsi anlarda daha ehtiyatlı və düşüncəli olmağa çalışır. Dicey obrazı göstərir ki, görünən xoşbəxtlik həmişə daxili rahatlıq demək deyil, ünsiyyət peşəsində çalışan insanlar da psixoloji yük daşıyır və insanın ən böyük ehtiyaclarından biri eşidilmək və başa düşülməkdir. O, “114 FM” tamaşasının ən dərin və psixoloji cəhətdən zəngin obrazlarından biri hesab edilə bilər. Peşəkarlıq, məsuliyyət, tənhalıq və daxili mübarizə kimi mövzuları özündə birləşdirən obraz tamaşaçıya göstərir ki, mikrofon arxasında milyonlarla insana səs verən insanın da öz qorxuları, arzuları və həll olunmamış problemləri var. Məhz bu xüsusiyyətlər Diceyi realist, təsirli və yaddaqalan bir personaja çevirir.
Tamaşanın səhnə tərtibatı və geyim rəssamı Fatimə Abbasova, musiqi tərtibatçısı Raya Əli Şərif, işıq rəssamı Adil Məmmədovdur.
“114 FM” misterik səhnə təcrübəsində səhnə tərtibatı, geyim, musiqi və işıq həllinin bir-birini tamamlaması tamaşanın uğurlu həllinin qurulmasında əsas amillərdən biri kimi qiymətləndirilə bilər. Fatimə Abbasovanın səhnə tərtibatı və geyim həlli, Raya Əli Şərifin musiqi tərtibatı və Adil Məmmədovun işıq həlli birlikdə tamaşanın realist məkan təsvirindən daha çox psixoloji və mistik teatr məkanı yaratmasına xidmət edir.
Səhnə tərtibatı və geyim həlli tamaşanın misterik xarakterini vizual müstəvidə formalaşdıran əsas komponentdir. Burada səhnə yalnız hadisələrin baş verdiyi məkan deyil, tamaşanın ideyasını və qəhrəmanların daxili vəziyyətini ifadə edən dramaturji vasitə kimi çıxış edir. Məkanın qapalı, qeyri-müəyyən və müəyyən mənada narahatedici təsir yaratması tamaşaçını gündəlik reallıqdan uzaqlaşdıraraq “Arqon” əsasında qurulan hadisələrin psixoloji mühitinə daxil edir. Geyimlərin də bu konsepsiyaya tabe etdirilməsi obrazların xarakterini yalnız zahiri baxımdan deyil, onların səhnədəki funksiyası və emosional vəziyyəti baxımından müəyyənləşdirir. Beləliklə, geyim aktyorun obraz yaratmasını tamamlayan, səhnə məkanının ümumi koloriti ilə dialoqa girən vizual dramaturji elementə çevrilir.
Musiqi tərtibatı sadəcə səhnələrarası keçidi təmin edən fon deyil, tamaşanın emosional ritmini müəyyənləşdirən vasitə kimi düşünülə bilər. Gərginlik, gözlənti, naməlumluq və daxili narahatlıq kimi hisslərin musiqi vasitəsilə gücləndirilməsi tamaşaçının hadisələri yalnız görməsinə deyil, həm də emosional şəkildə qavramasına imkan yaradır. Xüsusilə səhnə hərəkəti, aktyor pauzaları və işıq dəyişmələri ilə musiqinin uzlaşdırılması tamaşanın vahid ritmik strukturunun yaranmasına kömək edir.
İşıq həlli isə bu vizual və akustik atmosferin səhnə üzərində tamamlanmasına imkan verir. Misterik tamaşada işıq məkanın görünən sərhədlərini müəyyənləşdirməklə yanaşı, görünməyən və gizli olanın hiss etdirilməsi funksiyasını da daşıyır. İşıq və kölgənin qarşılaşdırılması, ayrı-ayrı məkan və obrazların seçilməsi, qaranlığın dramaturji vasitəyə çevrilməsi tamaşaçının diqqətini istiqamətləndirir və gərginlik hissini artırır. Bu baxımdan işıq yalnız dekorasiyanı “işıqlandıran” texniki vasitə deyil, tamaşanın mənasını aşılamaqla yanaşı aktyor-məkan münasibətlərinin bir hissəsi olaraq təqdim edilə bilir.
Ümumilikdə, səhnə həllinin uğuru ayrı-ayrı rəssamlıq komponentlərinin müstəqil effekt yaratmasından deyil, onların vahid bədii konsepsiyaya tabe edilməsindən irəli gəlir. Vizual məkanı və geyimləri, musiqi, işıq dramaturgiyası eyni istiqamətdə qeyri-müəyyənlik, psixoloji gərginlik və misterik atmosfer yaratmaq istiqamətində uğurlu təqdimatının bariz nümunəsi olaraq diqqəti cəlb edir. Bu sintez səhnə məkanını passiv dekorasiya olmaqdan çıxararaq tamaşanın hadisələrinə təsir edən canlı dramaturji mühitə çevirir.
Bu səbəbdən “114 FM”də səhnə tərtibatını uğurlu səhnə həlli kimi səciyyələndirmək mümkündür: burada dekorasiya, geyim, musiqi və işıq bir-birindən ayrı bədii vasitələr deyil, tamaşanın ideya-estetik bütövlüyünü yaradan vahid sistemin hissələri olaraq təqdim edilir. Misterik janrın tələb etdiyi naməlumluq və gərginlik də məhz bu sintez hesabına tamaşaçıya daha güclü şəkildə ötürülür.
Son olaraq qeyd etməliyəm ki, Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində Şəbnəm Xeyrullanın “Arqon” monopyesi əsasında hazırlanan “114 FM” tamaşası müasir teatrın fərdi psixologiyaya yönəlmiş istiqamətinin uğurlu nümunəsidir.
Anar Ərtoğrul Burcəliyev
teatrşünas-tənqidçi























