Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının (AKKG) mükafatlarının 2-ci təqdimetmə mərasimi olub.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.
Avqustun 14-də keçirilən tədbirdə rejissor, prodüser, AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, AKKG-nın sədri Nadir Bədəlov çıxış edərək belə tədbirlərin yerli kinematoqrafçıları stimullaşdırmasından, həm istehsalat prosesinin, həm də kino tənqidi sahəsinin canlanmasında və təkmilləşməsindəki rolundan danışıblar.
Qeyd edilib ki, keçən il olduğu kimi, bu dəfə də seçim prosesi iki mərhələdən ibarət olub. Birinci mərhələdə on yeddi kinoyazardan ibarət heyət 2025-ci il ərzində ölkə ərazisində kinoteatrlarda və ya festivallarda nümayiş olunmuş tam və qısametrajlı bədii və sənədli filmləri peşəkar kateqoriyalarda dəyərləndiriblər. Ümumilikdə 16 qısametrajlı sənədli, 13 qısametrajlı bədii, 16 tammetrajlı bədii və 6 tammetrajlı sənədli filmə baxış keçirilib.
Nəticə olaraq, 12 nominasiya üzrə 7 tammetrajlı bədii, 6 tammetrajlı sənədli, 6 qısametrajlı sənədli və 6 qısametrajlı bədii film seçim mərhələsinin qısa siyahılarına daxil edilib.
İkinci mərhələdə isə qaliblər müzakirə yolu ilə müəyyənləşdirilib.
Tədbirdə müxtəlif nomisiyalar üzrə AKKG mükafatlarının qalibləri elan olunub.
Mərasim "İlin ən yaxşı filmi" nominasiyasında qalib olmuş “Mənim sehrli dünyam” (rejissor Elvin Adıgözəl) filminin nümayişi ilə başa çatıb.



















