Tarixdəki olaylar

 

19 avqust 1634 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623–1639) gedişində Sultan IV Muradın qoşunları İrəvan qalasını ələ keçiriblər. Lakin Osmanlı qoşunları qalanı uzun müddət əlində saxlaya bilmədi. Qəsri-Şirin sülh müqaviləsinə (1639) görə, Qərbi Gürcüstan Osmanlı imperatorluğunun, İrəvan daxil olmaqla Qərbi Azərbaycan torpaqları və Şərqi Gürcüstan Səfəvi dövlətinin nəzarətində qaldı.

 

19 avqust 1768 – Qubalı Fətəli xanın qoşunları ilə Şəki hakimi Hüseyn xanın qoşunları arasında döyüş baş verib. Fətəli xan qalib gəlib və Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirilib. Bundan öncə (1767) Fətəli xan Bakını da Quba xanlığına birləşdirmişdi. Lakin onun Azərbaycan torpaqlarını birləşdirmək niyyətini digər xanlıqlar qəbul etməyib. Fətəli xana qarşı birləşən qüvvələr Xudat yaxınlığındakı Gavduşan döyüşündə (1774) onu məğlubiyyətə uğradıblar. Bundan sonra Fətəli xan Rusiya ilə müttəfiqlik yaratmaq üçün II Yekaterinanın yanına elçilər göndərib.

 

19 avqust 1991 – SSRİ-də dövlət çevrilişinə cəhd baş verib. Krımda istirahətdə olan Prezident Mixail Qorbaçov təcrid edilib, ölkəni idarə etmək üçün Moskvada Dövlət Fövqəladə Vəziyyət Komitəsi (“QKÇP”) yaradılıb. Legitim hakimiyyətin müdafiəsinə qalxan əhali ilə hərbçilər arasında toqquşmada 3 nəfər həlak oldu. “QKÇP”-nin ömrü üç gün oldu. Avqustun 22-də çevrilişə cəhdin başında duran qrup (DTK sədri V.Kryuçkov, müdafiə naziri D.Yazov, vitse-prezident G.Yanayev və b.) həbs olundu. Daxili işlər naziri B.Puqo intihar etdi. “QKÇP” SSRİ-nin dağılmasını sürətləndirdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

19 avqust 1689 – İngilis yazıçısı, sentimentalizmin banilərindən biri Semuel Riçardson (Samuel Richardson; 1689 – 4.7.1761) anadan olub. “Klarissa”, “Çarlz Qrandison” romanlarının müəllifidir.

 

19 avqust 1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 – 11.11.1951) anadan olub. Opera və Balet Teatrında “Koroğlu”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib. “Qız qalası”, “Almaz” filmlərində çəkilib.

 

19 avqust 1912 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 – 13.7.2001) Qazax rayonunun Musaköy kəndində doğulub. “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib. 

 

19 avqust 1909 – Polyak yazıçısı Yeji Andjeyevski (1909 – 19.4.1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.

 

19 avqust 1915 – Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867 – 1915) vəfat edib.

 

19 avqust 1920 – Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920–2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.

 

19 avqust 1959 – Pianoçu, bəstəkar Taleh Vəli oğlu Hacıyev (1959 – 19.7.2008) Bakıda doğulub. Bəstəkar Şəfiqə Axundovanın oğlu, "Belə qəmli dayanma", "Həyat, sən nə şirinsən" kimi populyar mahnıların müəllifidir. 

 

19 avqust 1977 – Şair, dramaturq, tərcüməçi, teatrşünas Adil Qafar oğlu Babayev (28.1.1925 – 1977) vəfat edib. “Dağlar qızı”, “Qız görüşə tələsir” və s. pyeslərin müəllifidir.

 

19 avqust 1983 – Akademik, sənətşünas Əbdülvahab Rəhim oğlu Salamzadə (16.2.1916 – 1983) vəfat edib. Azərbaycan memarlıq tarixinə dair tədqiqat əsərlərinin, “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri” və s. kitabların müəllifidir.

 

19 avqust 2008 – Əməkdar mədəniyyət işçisi, teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (8.11.1944 – 2008) vəfat edib. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri olub.

 

19 avqust 2018 – Əməkdar artist Rafiq Mirzəcan oğlu Hüseynov (24.4.1941 – 2018) vəfat edib Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.

 

19 avqust 2025 – Görkəmli şair, publisist, ədəbiyyatşünas-alim Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov; 1.1.1939 – 2025) vəfat edib.

  

Hazırladı: Vüqar Orxan