Gədəbəy rayonunun Xarxar kəndində yerləşən eyniadlı nekropolda arxeoloji qazıntılar aparılır. Tədqiqatlar AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə “Azərbaycan İnterneşnl Mayning Kompani” (AİMK) arasında bağlanmış birgə əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.

Arxeoloji ekspedisiyaya institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov rəhbərlik edir. Alimin bildirdiyinə görə, Qafqaz Albaniyasına məxsus arxeoloji abidələrin, xüsusilə də qəbir abidələrinin tədqiqi Azərbaycan arxeologiyasının ən aktual mövzularından biridir. Xarxar nekropolunda aparılan arxeoloji qazıntılar alban irsinin araşdırılmasında mühüm addımlardandır. İndiyədək rayonda, eləcə də bölgədə alban dövrünə aid heç bir nekropolda belə irimiqyaslı arxeoloji tədqiqatlar həyata keçirilməyib.

Xarxar nekropolu 2012-ci ildə mərhum arxeoloq, dosent Qoşqar Qoşqarlı tərəfindən Şəmkir və Gədəbəy ərazisində alban dövrünə aid arxeoloji abidələrin qeydiyyatını aparan zaman yerli əhalinin verdiyi məlumat əsasında müəyyən edilib. İlk dəfə olaraq alimlər Şamil Nəcəfov və Samir Kərimovun iştirakı ilə ekspedisiya qrupu əraziyə baxış keçirib, ilkin müşahidələr əsasında abidənin yeri, dövrü və təyinatı haqqında məlumat götürülüb. Nekropol Xarxarçayın kiçik dağ çayı qolunun hündür sol sahilində, yüksək dağ zirvəzindən çay dərəsinə yönəlik yastı, az maili təpəliyin üzərində yerləşir, sahəsi 1 hektardan bir qədər artıqdır.

Xarxar nekropolunda üzərində alban xaçları təsvir edilmiş baş və sinə daşlarının sayı 19 ədəddir. Qəbirlərin açılması, onların strukturunun müəyyən edilməsi, dəfn qaydalarının öyrənilməsi ilə yanaşı, paralel olaraq insan qalıqları üzərində antropoloji təhlillər də aparılmaqdadır. Bu təhlillər dəfn olunan insanların cinsi, yaşı, xəstəlikləri, ümumiyyətlə isə antropoloji tipi haqqında müəyyən elmi fikirlər söyləməyə imkan verir.

Bu barədə danışan arxeoloq qeyd edib ki, insan sümüklərindəki patoloji vəziyyətin öyrənilməsi, bioloji antropologiyanın metodlarından biri olan insan kəllələrinin ölçülməsi, radioloji, DNK, bir sözlə texnoloji vasitələrdən istifadə edilməsi planlaşdırılır. Hələ ki, 90-a yaxın qəbrin üzəri açılıb, dəfn kameralarının çox sıx və yanaşı salınması müəyyən edilib. 

“Bəzi qəbir kameralarından VII-IX əsrlərə aid keramika nümunələrinin tapılması qəbirlərin aid olduğu dövrün xronoloji mənzərəsini yaratmaqda yardımçı olur. İndiyədək açılmış dəfn yerləri əsasında müəyyən edilib ki, nekropolda dəfnlər IV əsrdən xristianlığı dövlət dini kimi qəbul etmiş albanlara məxsusdur. Sonrakı 4-5 əsr ərzində dəfnlər ardıcıl olaraq icra edilib”, - deyə Şamil Nəcəfov vurğulayıb.