Avqustun 17-də dünyaşöhrətli müğənni, bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942–2008) anadan olmasının 84-cü ildönümü tamam olub.
Bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, opera müğənnisi Tamara Sinyavskaya, Xalq rəssamı, Müslüm Maqomayevin qəbirüstü abidəsinin müəllifi Ömər Eldarov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və digər çıxış edənlər sənətkarın Azərbaycan və dünya musiqi mədəniyyətinə misilsiz töhfələrindən, bənzərsiz ifaçılıq üslubundan və zəngin yaradıcılıq irsindən söz açıblar.
Bildirilib ki, Müslüm Maqomayevin məlahətli səsi, yüksək səhnə mədəniyyəti və peşəkarlığı onu milyonlarla insanın sevimlisinə çevirib. Onun Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynadığı, yaradıcılığının bu gün də böyük maraq və sevgi ilə qarşılandığı vurğulanıb.
Müslüm Maqomayevin sənət irsinin Azərbaycan mədəniyyətinin qiymətli xəzinələrindən biri olduğunu vurğulayan natiqlər diqqətə çatdırıblar ki, görkəmli sənətkarın parlaq xatirəsi və yaradıcılığı gələcək nəsillər üçün də əbədi sənət məktəbi olaraq qalacaq.
Çıxışçılar ötən əsrin 60-70-ci illərində istedadı ilə geniş şöhrət qazanan M.Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışlarından, qastrol səfərləri, zəngin yaradıcılığı, böyük tirajlarla buraxılan valları haqqında danışıblar.
Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir. Bir neçə beynəlxalq mahnı müsabiqəsinin qalibi olub. Rəhbəri olduğu Azərbaycan Dövlət Estrada Simfonik orkestri ilə birgə həm keçmiş Sovet İttifaqının şəhərlərində, həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanad və digər ölkələrdə konsertlər verib.
M.Maqomayev 1964-cü ildə Azərbaycanın “Əməkdar artisti”, 1971-ci ildə “Xalq artisti”, 1973-cü ildə SSRİ-nin “Xalq artisti” fəxri adlarına layiq görülüb. Əfsanəvi müğənni 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2008-ci il oktyabrın 25-də vəfat edib.
























