“TRT Türkü” radiosunda (İstanbul) yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovaya (1938–2012) həsr olunub.

Bu barədə danışan proqramın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səidə Ömər verilişə xüsusi həssaslıqla hazırlaşdığını bildirib.

“Türkiyənin radio məkanında demək olar ki, ilk dəfə Elza İbrahimovaya həsr olunan veriliş yayımlandı. Elə bunun özü mənim üçün böyük məsuliyyət idi. Biz bu proqramda Türkiyə dinləyicisini Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Elza İbrahimovanın sənət dünyası ilə tanış etdik. Onun yaradıcılıq irsi yalnız yaşadığı dövrün deyil, həm də müasir musiqi düşüncəsinin mühüm tərkib hissəsi kimi dəyərləndirilir”, - deyə müəllif bildirib.

Proqramda Elza İbrahimovanın mahnıları səsləndirilib, onun həyat və yaradıcılığı barədə məlumat verilib.

Qeyd edək ki, “TRT Türkü” radiosunda bazar axşamları efirə gedən “Azərbaycan rüzgarı” proqramın prodüseri Hafizə Batmaz, müəllifi və aparıcısı Səidə Ömərdir.