Balakən şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında “Balakən Gənclər Festivalı – 2026” keçirilib.

Bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi (RMİ) məlumat yayıb.

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə təşkil olunan festivalda respublikanın müxtəlif bölgələrindən gənclərin bilik, bacarıq və yaradıcılıq potensialı nümayiş etdirilib.

Tədbir çərçivəsində sərgilər, əl işləri nümunələri, STEAM layihələri, kitab guşələri və müxtəlif formatlı maarifləndirici və əyləncəli proqramlar təqdim olunub.

Bədii hissədə gənclərin ifa etdikləri musiqi və rəqs kompozisiyaları yüksək əhval-ruhiyyə bəxş edib.

Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala RMİ-nin tabeliyindəki Balakən rayon Mədəniyyət Mərkəzi, Gənclər və İdman Nazirliyinin regional idarəsi, digər aidiyyəti qurumlar və tərəfdaş təşkilatların birgə dəstəyi ilə həyata keçirilən festival gənclərin birliyinin, yaradıcılıq imkanlarının və ictimai fəallığının nümayiş olunduğu əlamətdar tədbir kimi yadda qalıb.