M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Narınqala” Folklor evinin təşkilatçılığı ilə “Yaradıcı gənclər festivalı” keçirilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən (RMİ) verilən məlumata görə, festival 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunub.
Folklor evinin bədii rəhbəri Günay Məmmədova festivalın gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb, il ərzində bu qəbildən müxtəlif tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.
Sərgidə rəssam Aynurə Yusifovanın təsis etdiyi “Toxucu klubu”nun üzvlərinin əl işləri də nümayiş olunub. Rəssam bildirib ki, “Yaradıcı gənclər festivalı” onlar üçün mühüm bir fürsətdir.
Festivalı maraqla izləyənlər arasında yerli sakinlərlə yanaşı, müxtəlif ölkələrdən Şəkiyə gələn turistlər də olublar.
Yaradıcı gənclər rəssamlıq, tətbiqi sənət, bədii qiraət, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.
Sonda festivalın iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim olunub.
***
Zaqatala şəhərindəki Heydər Əliyev parkında “Milli irs və sənətkarlıq ənənələri” adlı sərgi keçirilib.
Şəki-Zaqatala RMİ-dən bildirilib ki, sərgi milli sənətkarlıq ənənələrinin qorunması və təbliği, eləcə də Azərbaycan xalqının zəngin mədəni irsinin tanıdılması məqsədilə təşkil edilib.
Şəki şəhər və Zaqatala rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı, MİHİ Respublika Birliyi Şəki şəhər komitəsinin dəstəyi ilə reallaşan sərgidə şəbəkə ustası Tofiq Rəsulovun əl işləri, Türkan Əhmədovanın milli ornamentlər əsasında hazırladığı sənət nümunələri və kəlağayılar maraqla qarşılanıb.
Təqdim olunan sənət nümunələri barədə məlumat verilib, milli sənətkarlığın qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
























