AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günel Əhmədova “Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” mövzusunda tədqiqat aparıb.

O bildirib ki,  tədqiqat çərçivəsində Azərbaycan mətbuatında felyetonun inkişaf dinamikası izlənilib, janrın milli xüsusiyyətləri müəyyənləşdirilib, onun əsas nəzəri xüsusiyyətləri, inkişaf mərhələləri və tipologiyası elmi əsaslarla sistemləşdirilib. Eyni zamanda, felyeton janrının Azərbaycan ədəbiyyatındakı yeri və əhəmiyyəti, müxtəlif dövrlərdə Azərbaycan yazıçılarının bu janra müraciət xüsusiyyətləri tədqiq edilib.

Dissertasiyada felyetonun janr identifikasiyası, Azərbaycan ədəbiyyatında təşəkkülü, ideya-məzmun və forma xüsusiyyətləri, həmçinin tipoloji cəhətləri geniş şəkildə araşdırılıb. Felyetonların dərc olunduğu qəzet və jurnallar tədqiq edilib, bu janrın Azərbaycan mətbuatında mövqeyi və ictimai funksiyası müəyyənləşdirilib. İşin mühüm yeniliklərindən biri müasir dövrdə felyeton janrının mövcudluğu və inkişaf perspektivlərinin ilk dəfə ayrıca problem kimi araşdırılmasıdır. Bununla yanaşı, felyetonun publisistik və bədii xüsusiyyətləri vəhdətdə təhlil edilərək onun hibrid janr olması elmi faktlarla əsaslandırılıb.

Alim qeyd edib ki, Azərbaycanda mətbuatın yaranması və inkişafı milli ədəbiyyata yeni janrların daxil olmasına əlverişli şərait yaradıb. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa mənşəli bir sıra janrlar Azərbaycan ədəbiyyatına daxil olaraq milli xüsusiyyətlər qazanıb və ədəbi prosesin ayrılmaz hissəsinə çevrilib. Felyeton da belə janrlardan biri kimi milli mətbuatın və ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Vaxtilə geniş yayılmış bu janr müasir dövrdə əvvəlki fəallığını itirsə də, onun yenidən aktuallaşdırılması, qəzet, jurnal və internet media platformalarında tətbiqi həm publisistikanın, həm də milli ədəbiyyatın inkişafına mühüm töhfə verə bilər. Bu baxımdan felyeton janrının hərtərəfli öyrənilməsi jurnalistlər, publisistlər, eləcə də jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzəri və praktik əhəmiyyət daşıyır.