Xəbər verildiyi kimi, dünyaca məşhur aktyor Ceki Çanın baş rolu oynadığı “Tanrının zirehi: Ultimatum” filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda, Bakıda aparılır.
Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyindən bildirilib ki, beynəlxalq yaradıcı heyət tərəfindən Bakıdakı çəkilişlərin başlanmasına ənənəvi qaydada xüsusi kino boşqabının sındırılması mərasimi ilə start verilib.
Macəra janrında çəkilən filmin süjetinin mərkəzində “Asiya şahini”nin yeni missiyası dayanır. O, tapılması üçün 20 milyon dollar mükafat elan edilmiş qədim Tumar artefaktını axtarır.
Filmin çəkilişləri eyni vaxtda bir neçə dövlətin ərazisində aparılır. Layihə müxtəlif ölkələrdən olan aktyorları və kino mütəxəssislərini bir araya gətirən beynəlxalq komanda tərəfindən həyata keçirilir. Filmin istehsalı üçün ilk dəfə Qazaxıstan və Çinin kino komandaları bir araya gəliblər.
“Ultimatum” artıq kulta çevrilmiş “Tanrının zirehi” franşizasının dördüncü filmidir. Məşhur aktyor Ceki Çan yenidən əfsanəvi macərapərəst “Asiya şahini” obrazını canlandırır.
Bakı filmin bədii konsepsiyasına uyğun olaraq çəkiliş məkanı seçilib. Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında cərəyan edir. Buna görə də çəkilişlərin növbəti mərhələsi Azərbaycanda keçirilir. Filmin bir sıra əsas səhnələri Bakıdakı müxtəlif məkanlarda lentə alınacaq.
Bu mərhələ Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Aktyor ilk dəfə Azərbaycanda filmə çəkilir.
“İndiyədək heç vaxt çəkilmədiyim ölkədə işləmək məni xüsusilə həyəcanlandırır”, – deyə Ceki Çan bildirib.
Çəkiliş qrupunun Azərbaycana səfərinin və ölkə ərazisində çəkiliş prosesinin təşkilinə Mədəniyyət Nazirliyi və nazirliyin tabeliyindəki Kino Agentliyi dəstək göstərir.
Filmin istehsal prosesinə müxtəlif kino peşələri üzrə 100-dən çox yerli mütəxəssis cəlb olunub. Layihənin Azərbaycanda istehsalını, həmçinin kino komissiyası xidmətlərinin göstərilməsini Filmlab.az şirkəti həyata keçirir.
“Tanrının zirehi: Ultimatum” filminin çəkilişləri 2026-cı ilin payızınadək davam edəcək. Filmin premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır.
























