Azərbaycan ədəbiyyatına itki üz verib. Görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu 2026-cı il avqustun 9-da, 82 yaşında vəfat edib.
Çingiz Əli oğlu Əliyev (Çingiz Əlioğlu) 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961-1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.
Bədii yaradıcılığa 1967-ci ildə "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şeiri ilə başlayan Çingiz Əlioğlu həmin vaxtdan dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.
"Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində Nəşriyyatlar idarəsinin rəisi vəzifələrində işləyib. O, həmçinin Azərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.
Şairin "Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Atlantlar”, “Görüşdən ayrılığa”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Dünən və əbədi”, “Gecə və bahar”, “Tanrını tanı”, “Çərçivə” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında könülləri oxşayır.
Əsərləri bir çox xarici dillərə tərcümə olunub, eyni zamanda bir sıra xarici müəlliflərin yaradıcılıq nümunələri onun tərcüməsində Azərbaycan oxucusuna çatdırılıb.
Çingiz Əlioğlu kinoda da iz qoyub. “Gün keçdi” (1971, rejissor Arif Babayev) filmində Camal rolunu oynayıb, “Yaramaz” (1988, rejissor Vaqif Mustafayev) filmində isə bir epizodda telejurnalist rolunda çəkilib. Həmçinin Azərbaycan Televiziyasında “Gənclik” verilişinin aparıcısı olub.
Çingiz Əlioğlunun yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib.
***
Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlunun vəfatı ilə bağlı nekroloq yayıb.
Nazirliyin kollektivi Çingiz Əlioğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.






















