Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan memarlığında yenilik – tarixi irs rəqəmsal platformaya köçürülür” mövzusunda maarifləndirici tədbir keçirilib.

RMİ-dən verilən məlumata görə, iyulun 28-də Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbir “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub. 

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan RMİ-nin rəis müavini Telman Əzimov, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

İcra başçısının birinci müavini Həsən Həsənov giriş sözündə memarlıq irsinin qorunması və rəqəmsal texnologiyalar vasitəsilə sənədləşdirilməsinin əhəmiyyətindən danışaraq, bu istiqamətdə həyata keçirilən layihələrin milli-mədəni irsin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verdiyini bildirib.

Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Səlmi Mehdiyeva və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ayşən Astanova çıxışlarında dövlətin tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi siyasətdən, muzeylərin bu sahədəki rolundan, eləcə də rəqəmsal platformaların mədəni irsin daha geniş auditoriyaya çatdırılması və gələcək nəsillər üçün etibarlı şəkildə qorunmasında yaratdığı imkanlardan bəhs ediblər.

Digər çıxış edənlər memarlıq nümunələrinin qorunmasının ölkənin tarixi yaddaşının yaşadılması baxımından əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini bildiriblər.