Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 1 oktyabr 2025-ci il tarixində elan etdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin qalibləri müəyyənləşib.

AKİ-dən bildirilib ki, bu qəbildən müsabiqələr ölkədə ssenari sənətinin inkişafına töhfə verən, müəlliflər arasında sağlam yaradıcılıq rəqabətini təşviq edən və ssenaristlərin fəaliyyətini stimullaşdıran ən mühüm mexanizmlərdən biridir. İttifaq hər il müəyyən mövzulara fokuslanmaqla həmin istiqamətlərdə yeni kino əsərlərinin yaranmasına təkan verməyi qarşısına məqsəd qoyur.

Bu il müsabiqəyə təqdim olunan ssenarilər AKİ-nin münsiflər heyəti tərəfindən məzmun, dramaturji quruluş, bədii həll və mövzuya yanaşma baxımından ətraflı qiymətləndirilib.

Müsabiqənin qalibləri:

I yer: Azər Allahverdi – “Rüzgar”

II yer: Nurlan Həsənli, Naiq Babayev – “Anam xaric”

III yer: Şəbnəm Xeyrulla – “Meşə növbətçisi”

Bununla yanaşı, məzmun və dramaturji baxımdan yüksək qiymətləndirilən daha üç ssenari diplomla təltif olunub:

Elvin Məcidli – “Akvarium”

Rövşən Məmmədov – “Qardaşım” 

Reyhan Yusifqızı – “Qapı arxasında “O”

Qaliblər diplom və pul mükafatı (I, II, III yerlər  5000 AZN, 3500 AZN, 2500 AZN) ilə təltif ediləcəklər.

Builki müsabiqənin münsiflər heyətinin tərkibinə kinotənqidçi Sevda Sultanova, sənətşünas Aliyə Dadaşova və ssenarist, prodüser, münsiflər heyətinin sədri Nicat Dadaşov daxil olub. Münsiflər heyətinin katibi Ülviyyə Əhmədovadır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı qalibləri və diplomla təltif olunan müəllifləri təbrik edir, onların gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır.