Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adının verilməsi haqqında” Qərar qəbul edib.

Baş nazir Əli Əsədovun 29 iyul 2026-cı il tarixdə imzaladığı 244 №-li Qərarda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Qeyd edək ki, sözügedən musiqi məktəbinin yeni binası 2009-cu ildə istifadəyə verilib. Məktəb elə həmin vaxtdan, yəni Xalq artisti Habil Əliyevin (1927–2015) sağlığından onun adını daşıyır.

Ağdaş şəhərində Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

Fondun saytında yer alan məlumatda bildirilir ki, 1937-ci ildən fəaliyyət göstərən Ağdaş musiqi məktəbinin əvvəlki binası müasir tələblərə uyğun gəlmədiyindən yeni binanın inşasına ciddi zərurət yaranmışdı. Bunu nəzərə alaraq müasir tələblərə uyğun maddi-texniki baza ilə təmin olunmuş yeni bina tikilib və 2009-cu il iyunun 20-də istifadəyə verilib.

Üçmərtəbəli musiqi məktəbində 40 sinif otağı, 200 nəfərlik konsert zalı var. Məktəbdə tar, kamança, qarmon, piano və klarnet ixtisasları üzrə şöbələr fəaliyyət göstərir. Məktəbə Heydər Əliyev Fondu tərəfindən musiqi alətləri, kitablar, tanınmış bəstəkarların və musiqiçilərin mahnıları yazılmış disklər, onların fotoşəkilləri hədiyyə olunub.

Məktəbin birinci mərtəbəsində Xalq artisti, kamança ustadı Habil Əliyevə həsr olunmuş muzey yaradılıb.

Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəb haqqında idarənin saytında da müvafiq məlumat var.

***

2010-cu il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş şəhərinə səfəri zamanı Habil Əliyev adına Musiqi məktəbində yaradılmış şəraitlə tanış olub.

Xalq artistinin özü də həmin görüşdə iştirak edib.

AZƏRTAC-ın bu barədə yaydığı rəsmi informasiyadan:

“... Xalq artisti Habil Əliyev dövlətimizin başçısını məktəbdə salamlayaraq dedi:

- Möhtərəm cənab Prezident! Sizi burada görməyimə çox şadam! Mən uşaqlara danışıram, deyirəm ki, oxuduğum məktəb iki köhnə uçuq evdən ibarət idi. Dərs dediyim kənddə isə bayırda qarın-yağışın altında dayanırdıq, əlim də tutmurdu. Ancaq bu məktəbi görəndən sonra istəyirəm təzədən oxuyam.

Prezident İlham Əliyev: Bu məktəb doğrudan da çox gözəldir, həm xarici görünüşü, indi mən baxacağam, həm də eşitdiyimə görə daxili çox gözəl tərtib olunub. Bu məktəb sizin adınızı daşıyır.

Habil Əliyev: Allah Sizi qorusun! Hamısı Sizin verdiyiniz böyük qiymətdir. Mən layiq olmasam da bu qiyməti vermisiniz.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz və mən çox şadam ki, Ağdaşda belə gözəl məktəb tikilib. Mənə deyirlər ki, burada musiqi məktəbinin böyük ənənələri vardır. Hələ 30-cu illərdə məktəb qurulmuşdur. Amma bu məktəbin bu gün, yeni dövrdə, yeni müasir səviyyədə yaradılması böyük hadisədir.

Habil Əliyev: Bu məktəbdən heç harada yoxdur.

Prezident İlham Əliyev: Biz gərək öz milli musiqimizi təbliğ edək, həm dünyada, həm Azərbaycanda. Xüsusilə uşaqlar, gənc nəsil bu işlərə qoşulmalıdır.

Habil Əliyev: Siz nə lazımdırsa, hamısını edirsiniz. O gün olsun ki, biz də edək.

Prezident İlham Əliyev: Siz çox etmisiniz. İndi gərək biz edək ki, həm Sizin fəaliyyətinizi layiqincə qiymətləndirək, həm də Azərbaycanı bax bu cür hərtərəfli inkişaf etdirək. Əlbəttə ki, ölkəmizin inkişafı üçün sənaye potensialı, iqtisadi inkişaf və başqa məsələlər çox vacibdir. Amma mədəniyyət sahəsində görülən işlər - onlar xalqımızı yaşadacaqdır.

Biz 20 ilə yaxındır ki, müstəqil ölkəyik. Əgər öz musiqimizi, öz ədəbiyyatımızı, dilimizi saxlamasaydıq, biz müstəqil ölkə kimi necə yaşaya bilərdik. Azərbaycan bunun hesabına müstəqil ölkə kimi yaşayır. Azərbaycan xalqı bunun hesabına inkişaf edir. Ona görə biz mütləq öz milli musiqimizi, ədəbiyyatımızı, mədəniyyətimizi qorumalıyıq. Hansı yollarla?! Bax bu cür. Həm məktəblərin tikintisi, həm mədəniyyət xadimlərinə dövlət tərəfindən göstərilən qayğı, həm də ki, mədəniyyət sahəsində dövlət siyasətinin düzgün şəkildə aparılması yolu ilə. Bax bu məsələlər kompleks şəkildə bugünkü Azərbaycanın, necə deyərlər, müasir simasını əks etdirir...”.

 

medeniyyet.info.az