Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 144-cü mövsümündə yeni layihələr və premyeralarla sənətsevərlərin qarşısına çıxacaq.

Yeni mövsümin əvvəlində Naxçıvan Dövlət Milli Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında rəsmi əməkdaşlıq sazişi imzalanacaq. Sənəd iki teatr arasında təcrübə mübadiləsi və birgə layihələr üçün yeni imkanlar açır. 

Teatrdan verilən məlumata görə, saziş çərçivəsində teatrın Bakıya qastrol səfəri də planlaşdırılır. Dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü münasibətilə Naxçıvan teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ədibin ölməz "Ana" dramını nümayiş etdirəcək. 

Cari ilin sonunadək antik dövrün dramaturgiya nümunəsi – Sofoklun "Tiran Edip" faciəsinin təhvil verilməsi nəzərdə tutulur.

Teatrın mövsüm ərzində bir sıra beynəlxalq teatr festivallarında iştirakı da gündəlikdədir.

Sənət ocağı fəaliyyət proqramını "Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası strategiyasına uyğun qurur. Bu çərçivədə teatr idarəçiliyində rəqəmsallaşma, gənc rejissor və aktyorların dəstəklənməsi, eləcə də teatrın inklüzivliyinin artırılması istiqamətində işlər davam etdirilir.