Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən kitabxanalarda çalışan bir qrup əməkdaşın artıq attestasiyası yekunlaşıb. Attestasiya prosesinin məqsədi həmin sahədə çalışan əməkdaşların peşə biliklərinin qiymətləndirilməsi, eləcə də çalışdıqları vəzifəyə uyğunluğunun müəyyən edilməsi olub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bunu kitabxana sistemində informasiya texnologiyaları (İT) mütəxəssislərinin attestasiyası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

"Məlum olduğu kimi, bu ilin yanvarında Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncamla “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib. Həmin konsepsiyanın istiqamətlərindən biri də kitabxana xidmətlərinin müasir standartlara və beynəlxalq çağırışlara uyğun şəkildə təşkili, ədəbiyyatımızın təbliği və oxuculara daha keyfiyyətli xidmətin göstərilməsidir. Bu baxımdan dövlət kitabxanalarının qarşısında mühüm vəzifələr dayanır. Onlardan ən vaciblərindən biri kitabxanaların rəqəmsallaşdırılması, istifadəçilər üçün yeni texnoloji imkanların yaradılması və müasir xidmətlərin tətbiqidir", – deyə nazir müavini qeyd edib.

Fərid Cəfərov diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi kitabxanalarda çalışan İT mütəxəssislərinin – proqramçılar, sistem inzibatçıları, multimedia və digər texniki kadrların qiymətləndirilməsini aparıb. Attestasiyada rayon və şəhər mərkəzi kitabxanaları ilə yanaşı, kənd, qəsəbə və filialların da daxil olduğu 1100-dən çox əməkdaş iştirak edib.

Qiymətləndirmə zamanı əsas diqqət informasiya-kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlara yönəldilsə də, iştirakçıların kitabxana işi üzrə qanunvericilik, peşə fəaliyyəti və praktiki bilikləri də nəzərə alınıb. Hazırda ilkin nəticələr emal olunur, statistik göstəricilərin yaxın günlərdə açıqlanması planlaşdırılır

Nazir müavini bildirib ki, attestasiyanın əsas mahiyyəti həmkarlarımızın peşə hazırlığını yoxlamaqdır və qiymətləndirmə zamanı yalnız müsbət tendensiyaları nəzərə alırıq: "Eyni zamanda, proses vasitəsilə əlavə ixtisasartırmaya və ya təlimlərə ehtiyacın olub-olmadığını müəyyənləşdiririk. Bu səbəbdən bəzi kateqoriyadan olan iştirakçıların müvafiq təlimlərə göndərilməsini və ixtisasartırma proqramlarına cəlb olunmasını nəzərdə tuturuq".