Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun (1966–2021) elmi irsini əhatə edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Elektron məlumat bazası alimin həyat və yaradıcılığını sistemli şəkildə təqdim etməklə yanaşı, onun çoxşaxəli elmi fəaliyyətini geniş oxucu auditoriyasına çatdırmaq məqsədilə tərtib edilib. Topluda alimin dilçilik elminin müxtəlif istiqamətlərinə həsr olunmuş araşdırmaları, Azərbaycan dilinin inkişafına verdiyi töhfələr, elmi-pedaqoji fəaliyyəti və milli dilçilik məktəbinin formalaşmasındakı xidmətləri əks etdirilir.

Bazada filologiya elmləri doktoru Almaz Ülvinin “Dilçilik elmimizin əfsanəsi – Buludxan Xəlilov”, şair, publisist Şəmsi Qocanın “Buludxan Xəlilov - Ağbaba ruhunun elmi vüqarı” kimi məqalələrin tam mətni də yer alıb.

“Professor Buludxan Xəlilov – 60” adlı elektron baza kitabxananın saytında yerləşdirilib.